...

İran Xəzərdə nərə cinsli balıqların ovlanmasına beşillik qadağanın tətbiqini təklif edir

Cəmiyyət Materials 14 Dekabr 2011 12:02 (UTC +04:00)
İran Xəzərdə nərə cinsli balıqların ovlanmasına beşillik qadağanın tətbiqini təklif edir.
İran Xəzərdə nərə cinsli balıqların ovlanmasına beşillik qadağanın tətbiqini təklif edir

Azərbaycan, Bakı, 14 dekabr / Trend, müxbir M.Əliyev /

İran Xəzərdə nərə cinsli balıqların ovlanmasına beşillik qadağanın tətbiqini təklif edir. Trend-in məlumatına görə, belə bir təkliflə İranın "Şilat" balıqçılıq təşkilatı rəhbərinin müavini Əli Əsgər Mücdəhidi çərşənbə günü Bakıda Xəzər dənizinin Su Bioresursları üzrə Komissiyanın 32-ci iclasında çıxış edib.

Mücdəhidinin sözlərinə görə, İran Xəzərin bioloji resurslarının qorunub saxlanması üçün ciddi işlər aparır və balıq ehtiyatlarının artırılması üçün Xəzəryanı ölkələrin birgə fəaliyyət göstərməli olduqlarını hesab edir. O bildirib ki, hazırda İranda balıqların kommersiya məqsədi ilə ovlanmasına qadağa mövcuddur.

Qazaxıstanın Balıq Təsərrüfatı Komitəsi sədrinin səlahiyyətlərinin icraçısı Bauırjan Jumajanov qeyd edib ki, Xəzərin bioloji müxtəlifliyinin bərpa olunmasına yalnız nərə balıqlarının ovlanmasına moratoriumla bağlı beştərəfli saziş imzalandıqdan sonra nail olmaq olar. O, ümid edib ki, İran və Türkmənistan Rusiya, Azərbaycan və Qazaxıstan arasında razılaşdırılan moratoriumun tətbiqi üzrə saziş layihəsini dəstəkləyəcək.

Rusiya və Türkmənistanın nümayəndələri də Xəzərin bioloji resursları ilə bağlı hazırkı vəziyyətdən natahatlıqlarını ifadə ediblər və bu sahədə birgə səylərin göstərilməsinin vacibliyini qeyd ediblər.

Beş Xəzəryanı dövlətin komissiyalarının Bakıda keçirilən iclasının əsas mövzuları nərə cinsli balıqların sənaye ovuna qadağanın tətbiqi, eləcə də 2010-2011-ci illər kvotalarının mənimsənilməsi və 2012-ci il üzrə kvotanın müəyyən edilməsi məsələləridir.

Hazırda Xəzəryanı ölkələr - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nərə balıqlarının ovuna bir illik qadağaya tərəfdardırlar.

Qadağa barədə təkliflə ilk dəfə Qazaxıstan 2010-cu il noyabrın 18-də keçirilən Bakı sammitində çıxış edib. Digər Xəzəryanı ölkələr də bu təklifi dəstəkləyiblər və nərə cinsli balıqların ovuna qadağanın tətbiqi mexanizminin hazırlanması barədə tapşırıq verilib.

Xəbər lenti

Xəbər lenti