...

Azərbaycan yol polisi cəriməni ödəməyən sürücülərə xəbərdarlıq edir

Cəmiyyət Materials 28 Dekabr 2011 13:31 (UTC +04:00)
Azərbaycan yol polisi cəriməni ödəməyən sürücülərə xəbərdarlıq edir.
Azərbaycan yol polisi cəriməni ödəməyən sürücülərə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 28 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan yol polisi cəriməni ödəməyən sürücülərə xəbərdarlıq edir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, yol verdiyi inzibati xətaya görə barəsində çıxarılmış qərar üzrə cəriməni 2 ay müddətində ödəməyən sürücü qanunun tələbinə müvafiq olaraq saxlanılacaq və nəqliyyat vasitəsi mühafizə olunan dayanacağa aparılacaq.

"Yol hərəkəti haqqında"qanunun tələbinə müvafiq olaraq nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Avtomobil mühafizə olunan duracağa qoyulur, cərimə, dəbbə pulu ödənildikdən sonra nəqliyyat vasitəsi buraxılır", - Əliyev deyib.

Şöbə rəisi bildirib ki, yol polisi belə sürücülərə qarşı reydlərə başlayıb.

"Bayram günlərində yollarda qalmamaları, sərnişinlərin əziyyət çəkməmələri üçün sürücülər yol verdikləri inzibati xətaya görə barələrində çıxarılmış qərar üzrə cəriməni ödəsinlər ki, sonradan problemlərlə üzləşməsinlər", - Əliyev əlavə edib.

Qeyd edək ki, yeni qanunun tələbinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır.

Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 3 aydan çox olmamaq şərti ilə tətbiq edilir.

Cərimə 2 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya DYP-nin vəzifəli şəxsi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir.

Cərimə ödənilməsi barədə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir.

İnzibati cərimə tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir.

Xəbər lenti

Xəbər lenti