...

Azərbaycan Təhsil Nazirliyi yoxlama imtahanlarının vaxtının dəyişdirilməsinin səbəbini açıqlayıb

Cəmiyyət Materials 23 Yanvar 2012 13:04 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2011-2012-ci tədris ili üzrə orta məktəb şagirdləri üçün yoxlama imtahanlarının vaxtının dəyişdirilməsinin səbəbini açıqlayıb.
Azərbaycan Təhsil Nazirliyi yoxlama imtahanlarının vaxtının dəyişdirilməsinin səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2011-2012-ci tədris ili üzrə orta məktəb şagirdləri üçün yoxlama imtahanlarının vaxtının dəyişdirilməsinin səbəbini açıqlayıb.

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva bazar ertəsi Trend-ə bildirib ki, ötən illərdə yoxlama imtahanı fevralın sonundan başlanılırdı. Amma bu il həmin imtahanlar yanvarın sonundan keçiriləcək.

Hacıyeva yoxlama imtahanlarının vaxtının şagirdlərin buraxılış imtahanına hazırlığı üçün daha çox vaxt ayrılması məqsədilə dəyişdirildiyini qeyd edib.

Builki yoxlama və buraxılış imtahanları ilə bağlı hər hansı yeniliyin tətbiq edilməsinə gəldikdə, şöbə müdiri bildirib ki, 2011-2012-ci tədris ili üçün orta məktəb şagirdləri üçün imtahanların keçirilməsi ilə bağlı nə texniki, nə məzmun, nə də sualların sayı ilə bağlı dəyişiklik ediləcək. İmtahanlar bu il də ötən illərdə olduğu kimi keçiriləcək.

Nazirlik rəsmisi əlavə edib ki, imtahanlara buraxılış siniflərində təhsil alan bütün şagirdlər cəlb ediləcək. Yoxlama imtahanları 9 bölgə üzrə keçiriləcək. Hər bölgə üzrə imtahan bitəndən bir neçə gün sonra həmin ərazi üzrə imtahan vermiş şagirdlərin nəticələri açıqlanacaq. İmtahan nəticələri Təhsil Nazirliyinin rəsmi saytında yerləşdiriləcək.

2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanları 9 bölgə üzrə keçiriləcək. Azərbaycanın ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları yanvarın 28-dən aprelin 15-dək, peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə yoxlama imtahanları fevralın 25-də keçiriləcək.

Ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları iyunun 2-dən iyunun 23-dək, peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları aprelin 24-də olacaq.

Xəbər lenti

Xəbər lenti