Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan hökuməti insan alverinin qurbanı olmuş uşaqların reablitasiyası və reinteqrasiyası ilə bağlı dövlət proqramı hazırlayır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov Trend-ə bildirib ki, Komitə tərəfindən "İnsan alverinin qurbanı olmuş uşaqların reablitasiyası və cəmiyyətə reinteqrasiyası" Dövlət Proqramının hazırlanmasına başlanılıb.
Aidiyyəti dövlət qurumlarının iştirakı ilə hazırlanacaq proqramda insan alverinə məruz qalan uşaqların reablitasiyası, reablitasiya zamanı sosial yardımın göstərilməsi, cəmiyyətə, təhsilə qaytarılması ilə bağlı mexanizm müəyyən ediləcək.
Səfərov bildirib ki, proqramın hazırlanması ilə bağlı aidiyyəti qurumlara sorğular göndərilib və onlardan müvafiq təkliflər toplanılır.
Onun sözlərinə görə, bütün təkliflər ümumiləşdiriləcək və layihə hazırlanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq.
Komitə rəsmisi deyib ki, dövlət proqramının bu il ərzində qəbulu nəzərdə tutulub.
Həmin proqramın hazırlanması "İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Proqramı"nda qeyd olunub.