...

Azərbaycanın orta məktəblərində növbəti yenilik

Cəmiyyət Materials 16 Fevral 2012 14:46 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Mərkəzi Bankla birgə növbəti tədris ilindən orta məktəblərdə "Şagirdlərin maliyyə bacarıqlarının gücləndirilməsi" layihəsinin icrasına başlamağı nəzərdə tutur.
Azərbaycanın orta məktəblərində növbəti yenilik

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində şagirdlərə maliyyə bacarıqları öyrədiləcək.

Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov cümə axşamı Trend-ə deyib ki, Nazirlik Mərkəzi Bankla birgə növbəti tədris ilindən orta məktəblərdə "Şagirdlərin maliyyə bacarıqlarının gücləndirilməsi" layihəsinin icrasına başlamağı nəzərdə tutur.

Onun sözlərinə görə, layihə ilk mərhələdə pilot məktəblərdə həyata keçiriləcək. Layihənin reallaşdırılması üçün tədris vəsaiti hazırlanacaq, onu icra edəcək müəllimlər üçün treninqlər keçiriləcək.

Əhmədov əlavə edib ki, layihənin əsas məqsədi uşaqların maliyyə bacarıqlarını inkişaf etdirməkdir.

"İndiki dövrdə iqtisadi, maliyyə bacarıqlarının inkişafı əhəmiyyət kəsb edir. Bu, bizim kurrikulumda da nəzərdə tutulub. Həyat bilgisi fənninin məzmununda da bu məsələlər var", - Əhmədov əlavə edib.

Şöbə müdiri qeyd edib ki, şagirdlərin maliyyə sahəsində savadlılığının artırılması, bu sahədə tətbiqi bacarıqlarının genişləndirilməsi onların inkişafına müsbət təsir göstərər.

Onun sözlərinə görə, layihənin icrası üçün Almaniya təcrübəsi öyrənilib.

"Alman mütəxəssislər Bakıya gəldilər. Bizim bir çox məktəblərimizlə tanış oldular, məktəb direktorları ilə söhbətlər apardılar, treninqlər keçirdilər. Bu layihənin tanışlıq, müəyyən tədqiqatlar mərhələsi başa çatıb. İndi Mərkəzi Bank tərəfindən layihənin məktəblərdə həyata keçirilməsi üçün müəyyən tədbirlər hazırlanır", - Əhmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti