...

Azərbaycan Ombudsmanı hüquq-mühafizə orqanlarından daxil olan şikayətlərin məzmununu açıqlayıb

Cəmiyyət Materials 1 Mart 2012 12:14 (UTC +04:00)
Ötən il ombudsmana prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı vətəndaşlardan 632 şikayət daxil olub.
Azərbaycan Ombudsmanı hüquq-mühafizə orqanlarından daxil olan şikayətlərin məzmununu açıqlayıb

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir K.Zərbalıyeva/

Ötən il ombudsmana prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı vətəndaşlardan 632 şikayət daxil olub. Trend-in xəbərinə görə, bu barədə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında ombudsman Elmira Süleymanovanın 2011-ci il üzrə illik məruzəsində bildirilir.

Məruzədə qeyd olunur ki, bəzi yerli prokurorluq orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyin yetərincə həyata keçirilməməsi nəticəsində polis orqanlarının qeyri-obyektiv qərarları yoxlamalar nəticəsində ləğv edilib və təkrar yoxlamaya qaytarılıb.

Vətəndaşların müraciətlərinə cavab verilməməsi, habelə tərəflərə zəruri məlumatların verilməməsi də şikayətlərə səbəb olub.

Ötən il daxili işlər orqanlarının fəaliyyətindən isə ombudsmanın ünvanına 1971 müraciət daxil olub. Müraciətlərdən 1703-ü ibtidai araşdırmanın qeyri-obyektiv aparılması ilə bağlıdır.

Bu şikayətlərlə bağlı Daxili İşlər Nazirliyinə və onun yerli orqanlarına 405 sorğu göndərilib, tapşırıq verilib.

Məruzədə bildirilir ki, ötən il nazirliyə insan hüquq və azadlıqların pozulması ilə bağlı daxil olmuş müraciətlərin hərtərəfli və obyektiv araşdırılması prosesində təsdiq olunmuş 175 fakt üzrə 248 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

Həmin faktlardan 71-i vətəndaşlarla kobud rəftar, 25-i polisə əsassız gətirilmə, 26-sı əsassız saxlama, 39-u sürücülərin hüquqlarının pozulması, 2-si əsassız cinayət məsuliyyətinə cəlb etmə ilə əlaqədardır.

Onlardan 24 nəfəri daxili işlər orqanlarından xaric edilib, 10 əməkdaş tutduğu vəzifədən azad edilib, 214 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.

Müvəkkilin müraciətləri əsasında aparılmış xidməti təhqiqatla qeyd edilən faktlar təsdiqlənməyib, lakin daxili işlər orqanları əməkdaşlarının qanunların, yaxud aidiyyatı normativ aktların tələblərini pozduqları təsdiqləndiyi üçün 8 fakt üzrə 11 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2 nəfərə xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, 3 nəfərə şiddətli töhmət, 6 nəfərə töhmət verilib.

Polis əməkdaşlarının xidməti işi ilə bağlı bir fakt üzrə bir əməkdaş və xidməti iş ilə bağlı olmayan müraciət əsasında aparılmış xidməti təhqiqatla bir fakt üzrə 1 nəfər daxili işlər orqanlarından xaric edilib.

3 nəfərə şiddətli, bir nəfərə töhmət verilib. İntizam məsuliyyətinə cəlb edilənlərdən bir nəfəri cinayət axtarış xidməti, 5 nəfəri ictimai təhlükəsizlik, 3 nəfəri yol-patrul xidməti, 3 nəfəri istintaq və təhqiqat xidməti, 5 nəfəri isə rəhbər vəzifəli əməkdaşlar olub.

Xəbər lenti

Xəbər lenti