...

İsveçrədə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Cəmiyyət Materials 19 Mart 2012 23:22 (UTC +04:00)
Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə Bern şəhərində bu ölkədə fəaliyyət göstərən "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi" tərəfindən "Novruz şənliyi" adlı tədbir keçirilib.
İsveçrədə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə Bern şəhərində bu ölkədə fəaliyyət göstərən "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi" tərəfindən "Novruz şənliyi" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın İsveçrədəki diplomatik nümayəndəliklərinin əməkdaşları, İsveçrədəki Azərbaycan diasporunun üzvləri, habelə İsveçrə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səfirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, açılış mərasimindən sonra şənlik iştirakçıları üçün Novruz bayramına həsr olunmuş təqdimat keçirilib. Şənliyin keçirildiyi zalda toplaşmış insanlara Azərbaycanın qədim mədəniyyət tarixində özünəməxsus yer tutmuş Novruz bayramı, onun adət və ənənələri, tarixi və xüsusiyyətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Eyni zamanda, baharın gəlişindən və təbiətin oyanışından xəbər verən Novruz bayramının məhz Azərbaycanın təşəbbüsü ilə bəşəriyyətin mədəni irs siyahısına salındığı bildirilib.

Tədbir iştirakçılarına sözügedən şənliklə bağlı musiqi proqramı da təqdim olunub. Proqramda Azərbaycandan gəlmiş müğənni İlhamə Qasımova Azərbaycan və Avropa mahnılarını ifa edib. Sonra isə Cenevrə şəhərində yaşayan rəqqasə Mariya Xan Xoyskaya tərəfindən qonaqlar üçün milli rəqslərimiz nümayiş etdirilib.

Novruz şənliyinin musiqi proqramında, həmçinin tədbirə dəvət olunmuş və İsveçrəni "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək "Sinplus" musiqi qrupu da iştirak edib və qonaqlar üçün müxtəlif mahnılar ifa edib. Sözügedən ifanın sonunda "Sinplus" qrupunun üzvləri bu tədbirin Azərbaycanla ilk tanışlıqları olduğunu və onlarda böyük təəssürat yaratdığını diqqətə çatdırıb.

Tədbirdə qonaqlara Azərbaycanın milli mətbəxinin ləziz nümunələri, o cümlədən Novruzla bağlı milli şirniyyatlar təqdim olunub. Qonaqlar ölkəmizdə Novruz bayramının qeyd edilməsinin özəllikləri ilə maraqlanıb, tariximizin, mədəniyyətimizin, mətbəximizin və incəsənətimizin zənginliyinə heyran qaldıqlarını qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti