...

Azərbaycanda hakimliyə namizədlərlə ilkin tədris kursları başlayıb

Cəmiyyət Materials 2 Aprel 2012 18:23 (UTC +04:00)
Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 77 nəfər namizəd növbəti mərhələyə - uzunmüddətli tədris kurslarına buraxılıblar.
Azərbaycanda hakimliyə namizədlərlə ilkin tədris kursları başlayıb

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 77 nəfər namizəd növbəti mərhələyə - uzunmüddətli tədris kurslarına buraxılıblar.

Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend-ə verilən məlumata görə, kursun proqramı müasir metodika və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilərək, proqrama ən aktual, o cümlədən insan haqları, xüsusilə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi (presedentləri), habelə məhkəmə etikası, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və digər məsələlərə dair mövzular daxil edilib, müxtəlif məhkəmələrdə yarımillik staj keçmə nəzərdə tutulub.

Bu gün həmin kursun təntənəli açılışı olub. Kursu açaraq dinləyicilər qarşısında mühazirə ilə çıxış Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin təmin olunması, əhalinin məhkəmələrə inamının gücləndirilməsi və müraciət imkanlarının asanlaşdırılması üzrə işləri, qarşıda duran mühüm tədbirləri qeyd edib.

Kursa başlayan hakimliyə namizədlərə uğurlar arzulayan nazir məhkəmə sistemində nəzəri və peşə hazırlığı ilə yanaşı, yüksək insani keyfiyyətlərinə, o cümlədən mənəvi təmizliyinə, ədalətliliyinə və qərəzsizliyinə, insanlara qayğılı münasibətinə görə fərqlənən şəxslərin təmsil edilməsinin zəruriliyini bildirib, onlara bu yüksək amalları daim uca tutmalarını tövsiyə edib.

Sonra tədris proqramına uyğun olaraq kurs Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun insan hüquqlarının etibarlı təminatı mövzusu və digər aktual məsələlər üzrə mühazirələrlə öz işini davam etdirib.

Qeyd edək ki, Ədliyyə Akademiyasında 1 il müddətində davam edəcək kursda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil olunacaq və kurs çərçivəsində hakimliyə namizədlər xarici ölkələrdə müsbət beynəlxalq təcrübə üzrə ayrıca təlimlər keçəcəklər.

Xəbər lenti

Xəbər lenti