...

Dünyanın 70-ə yaxın ölkəsində 110 milyona qədər basdırılmış mina var

Cəmiyyət Materials 4 Aprel 2012 10:55 (UTC +04:00)
BMT-nin hesablamalarına görə, hazırda dünyanın 70-ə yaxın ölkəsində 110 milyona qədər basdırılmış mina var.
Dünyanın 70-ə yaxın ölkəsində 110 milyona qədər basdırılmış mina var

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir E.Mehdiyev/

BMT-nin hesablamalarına görə, hazırda dünyanın 70-ə yaxın ölkəsində 110 milyona qədər basdırılmış mina var. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyalarına Yardım Gününə həsr olunmuş mətbuat konfransında Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) departamentinin meneceri Musa Cəlalov deyib.

O bildirib ki, təqribən bu qədər piyada əleyhinə mina isə anbarlarda qalır. Onun sözlərinə görə, hər ay dünyada 2 mindən çox insan mina partlayışının qurbanı olur.

Cəlalov deyib ki, hər çıxarılan 1 minanın yerinə 20 mina basdırılır. Bir minanın qiyməti 3-30 ABŞ dollarıdır, bir minanın zərərsizləşdirilməsi isə 300-1000 ABŞ dollarına başa gəlir.

Menecer Agentlik tərəfindən respublikanın müxtəlif regionlarında təmizləmə əməliyyatlarının aparıldığını və hələ də müxtəlif ərazilərdə minalara və PHS-lərə rast gəlindiyini vurğulayıb.

Mətbuat konfransında deyilib ki, ANAMA tərəfindən 2005-ci ildən cəbhəyanı rayonların 1200-ə yaxın məktəbində Mina təhlükəsinə dair maarifləndirmə dərsləri keçirilir. Bu dərslər mina qurbanı olan uşaqların sayının azalmasına səbəb olub. Cəlalovun sözlərinə görə, 2004-2005-ci ilə qədər baş verən mina hadisələrinin əsas qurbanları məktəblilər olsa da, bu dövrdən sonrakı qurbanlar arasında məktəblilərin sayı sıfıra enib.

O qeyd edib ki, hər il məktəblilərin verdiyi məlumat hesabına isə 50-yə yaxın mina və PHS zərərsizləşdirilir.

Xəbər lenti

Xəbər lenti