...

Azərbaycanda təhsil alan tələbələr üçün yenilik

Cəmiyyət Materials 5 Aprel 2012 11:31 (UTC +04:00)
Azərbaycanda ali məktəb tələbələri oxuduqları təhsil müəssisəsində ona keçilən, amma tədris səviyyəsindən razı qalmadıqları fənləri digər ali məktəbdə öyrənə biləcəklər.
Azərbaycanda təhsil alan tələbələr üçün yenilik

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəb tələbələri oxuduqları təhsil müəssisəsində ona keçilən, amma tədris səviyyəsindən razı qalmadıqları fənləri digər ali məktəbdə öyrənə biləcəklər. Bunu Trend-ə Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev deyib.

Onun sözlərinə görə, ali təhsil sistemində bu dəyişiklik kredit sisteminin tətbiqi ilə əlaqədardır. Hazırda bununla əlaqədar müvafiq sənədlərə dəyişikliklərin edilməsi üçün iş aparılır.

Mustafayev bildirib ki, tələbə hansısa fənləri digər ali məktəbdə keçmək üçün təhsil müəssisəsinin rektoruna müraciət edəcək. Bu halda tələbənin həmin ali məktəbdə aldığı qiymət tələbənin təhsil aldığı məktəb tərəfindən tanınacaq. Ancaq tələbə seçdiyi fənnin tədrisini təhsil aldığı ali məktəbin rəhbərliyi ilə razılaşdırmaya da bilər. Bu halda onun qiyməti təhsil aldığı məktəb rəhbərliyi tərəfindən tanına da, tanınmaya da bilər. Buna görə də tələbənin bu işi ali məktəbin rəhbərliyi ilə razılaşdırılmış şəkildə etməsi daha məqsədəuyğun olacaq. Bu yeniliyin tətbiqi üçün ali məktəblər arasında müəyyən qarşılıqlı əməkdaşlıq da qurulacaq.

Mustafayev hesab edir ki, bu yeniliyin tətbiqi nəticəsində artıq ali məktəb tələbələrinin köçürülməsi məsələsi öz əhəmiyyətini itirəcək.

"Köçürmə məsələsi getdikcə öz əhəmiyyətini itirəcək. Tələbə bir ali məktəbdən digərinə niyə görə köçür? Ona görə ki, köçmək istədiyi ali məktəbdə tədris daha keyfiyyətlidir. Ola bilər ki, tələbənin oxuduğu ali məktəbin tədrisinin təşkilində hansısa üstünlük var. Amma köçmək istədiyi ali məktəbdə bu, yoxdur. Və ya köçmək istədiyi ali məktəbdə olan üstünlük hazırda oxuduğu ali məktəbdə yoxdur", - şöbə müdiri əlavə edib.

Xəbər lenti

Xəbər lenti