...

Macarıstanda "Mən gənc səfirəm" forumu keçirilir (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2012 13:01 (UTC +04:00)
Bu gün Macarıstanın paytaxtı Budapestdə ASAİF - Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun "Mən gənc səfirəm" forumu öz işinə başlayıb.
Macarıstanda "Mən gənc səfirəm" forumu keçirilir (FOTO)

Azərbaycan, Bakı, 6 aprel / Trend müxbir İ.İsabalayeva/

Bu gün Macarıstanın paytaxtı Budapestdə ASAİF - Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun "Mən gənc səfirəm" forumu öz işinə başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, forumda 25-dən artıq ölkənin 200-dən artıq gənci bir araya gəlib. İki gün davam edəcək foruma Almaniya, Çin, Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı, Çexiya, Türkiyə, Avstraliya, Belçika, Böyük Britaniya, İtaliya, Fransa və digər ölkələrdən tələbələr qatılıb. Forum çərçivəsində Azərbaycanın xarici ölkələrdəki fövqəladə və səlahiyyətli səfirləri ilə tədbir iştirakçılarının görüşü, eyni zamanda, Azərbaycan gənclər təşkilatlarının rəhbərləri ilə Macarıstan gənclər təşkilatları rəhbərlərinin görüşü, müxtəlif layihələrin birgə müzakirəsi nəzərdə tutulub.

Forumun mühüm əhəmiyyət kəsb edən bölümü Macarıstan Parlamentində gerçəkləşəcək. Burada gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Milli Məclisin komitə sədri Səməd Seyidov, Milli Məclisin üzvləri Ceyhun Osmanlı, Fuad Muradov, Azərbaycanın xarici ölkələrdəki səfirləri Vilayət Quliyev, Həsən Həsənov, Fəxrəddin Qurbanov, Pərviz Şahbazov, Həsən Məmmədzadə və Qalib İsrafilov gənclərlə görüşlər keçirəcək, fikir mübadiləsi aparacaqlar.

Forumun növbəti günü "Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu", "Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları", "Sosial şəbəkələr və KİV-in gənclərin ictiami-siyasi fəallıqlarının artırılmasındakı rolu" mövzularında panel müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti