...

Əmək və əhalinin sosial müdafiəsi naziri Quba rayonunda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2012 18:06 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Quba rayonunda bu rayon və ətraf rayonlarda yaşayan bir qrup vətəndaşı qəbul edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Quba rayonunda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Quba rayonunda bu rayon və ətraf rayonlarda yaşayan bir qrup vətəndaşı qəbul edib. Bu barədə cümə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələri araşdırılarkən, ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımının təyinatı, əlillik qruplarının verilməsi və s. ilə bağlı qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız şikayət ərizələri yazdıqları, bununla yanaşı, bir sıra şikayət ərizələrində haqlı narazılıqların əksini tapdığı müəyyən edilib.

Vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş əməkdaşlarla bağlı tədbirlər görülməsi barədə tapşırıq verən nazir Fizuli Ələkbərov hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib.

Vətəndaşların qəbulu zamanı onlardan yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olanların gələcəkdə "Özünədəstək" proqramına cəlb edilmələri qərara alınıb.

Bu, nazir Fizuli Ələkbərov tərəfindən 2011-ci il və cari ilin ötən dövrü ərzində keçirilən sayca 17-ci qəbuldur. Ümumiyyətlə, bu müddətdə nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakı, Gəncə şəhərlərində, Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Masallı, Samux, Füzuli, Şamaxı, Salyan və s. rayonlarda ümumilikdə 800-ə nəfərə yaxın vətəndaş qəbul edilərək, onların müraciətləri obyektiv və ədalətli tərzdə araşdırılıb.

Vətəndaş qəbulları nəticəsində vətəndaşların şikayət məzmunlu müraciətlərinin sayı xeyli azalmaqla, eyni zamanda, nazirliyin strukturlarında çalışan əməkdaşların vətəndaşlarla münasibətlərində məsuliyyət hissi güclənib.

Xəbər lenti

Xəbər lenti