...

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub

Cəmiyyət Materials 7 Aprel 2012 15:07 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən daxili işlər naziri Ramil Usubov açılışı bildirən qırmızı lenti kəsib və bina ilə yaxından tanış olub.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən daxili işlər naziri Ramil Usubov açılışı bildirən qırmızı lenti kəsib və bina ilə yaxından tanış olub.

Məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 3316 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Yeni tikilidə 58 xidməti otaq, 95 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. İnzibati binada Qeydiyyat və şəxsiyyət vəsiqəsi, Dövlət yol polisi bölmələri, Növbətçi hissə və digər xidməti otaqlar yaradılıb.

General-polkovnik Ramil Usubov Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına baxıb, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilk fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olub. Görülən işləri yüksək qiymətləndirən nazir şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.

Daha sonra daxili işlər naziri yeni inzibati binanın akt zalında şəxsi heyətlə görüşüb. O, xüsusilə vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan hüquq və azadlıqlarının təminindəki rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyi və onun yerli qurumları müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunub, iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır. Bütün bunlar polis əməkdaşlarını daha yaxşı işləməyə ruhlandırır, eyni zamanda, vətəndaşların rahatlığına xidmət edir.

General-polkovnik Ramil Usubov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən böyük quruculuq işlərinin Lənkərandan da yan keçmədiyini, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icrası nəticəsində bu rayonun simasının da xeyli dəyişdiyini diqqətə çatdırıb.

Nazir əmin olduğunu bildirib ki, ŞRPŞ-nin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək.

Xəbər lenti

Xəbər lenti