Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir İ.İsabalayeva/
Bu gündən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali və 11 illik bazadan orta ixtisas məktəblərinə ərizə qəbulu başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, abituriyentlər üçün ərizələrin təsdiqlənməsinə aprelin 16-dan başlanacaq. Abituriyentlərin sənəd qəbulu mayın 16-da, ərizələrin təsdiqlənməsi isə mayın 18-də bitəcək.
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni dolduraraq, müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər.
Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər "Elektron ərizə"lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər.
Sənəd qəbulu zamanı elektron imzası olan abituriyentlər ondan istifadə edə bilərlər.