...

Azərbaycanda bu il buraxılış imtahanlarından azad ediləcək şagirdlərin sayı açıqlanıb

Cəmiyyət Materials 17 Aprel 2012 16:19 (UTC +04:00)
Azərbaycanda bu il ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayı açıqlanıb.
Azərbaycanda bu il buraxılış imtahanlarından azad ediləcək şagirdlərin sayı açıqlanıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu il ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından azad ediləcək şagirdlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ümumilikdə, bu il 19 nəfər 2011/2012-ci tədris ilində mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarından azad ediləcəklər. Onların 5-i 9-cu, 14-ü 11-ci sinif məzunudur. Həmin məzunlar bu il respublika fənn olimpiadalarında I yeri tutmuş şagirdlərdir.

Bu məzunlar buraxılış imtahanında iştirak etməyəcək, onların illik qiymətləri attestata birbaşa yekun qiymət kimi yazılacaq.

Respublika fənn olimpiadalarında I yeri tutan şagirdlərin buraxılış imtahanlarından azad edilməsi təcrübəsi artıq 4-cü tədris ilidir ki tətbiq ediləcək.

2011/2012-ci tədris ili üçün ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə iyunun 2-dən başlanacaq.

İlk imtahan Şirvan şəhəri, Hacıqabul, Ağcabədi, Beyləqan, Kürdəmir, İmişli, Xocavənd və Ağdaş rayonlarında olacaq. Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl, Ağsu və Göyçay rayonlarında iyunun 4-də, Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında iyunun 7-də, Gəncə, Mingəçevir, Naftalan şəhərlərində, Göygöl və Samux rayonlarında iyunun 9-da, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər və Yevlax rayonlarında iyunun 12-də, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında iyunun 16-da, Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarında iyunun 18-də, Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarında iyunun 21-də keçiriləcək.

Sonuncu buraxılış imtahanı Bakı şəhəri üzrə iyunun 23-də olacaq. Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün müəyyənləşdirilmiş tarixdə təşkil olunacaq. Peşə liseylərində isə buraxılış imtahanı iyunun 24-də olacaq.

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat və müxtəlif səbəblərdən üzrlü olaraq buraxılış imtahanlarında iştirak etməyənlər üçün buraxılış imtahanları ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən iyunun 25-də Bakıdakı 202 nömrəli tam orta məktəbdə keçiriləcək.

Attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri, şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanır.

Xəbər lenti

Xəbər lenti