...

Azərbaycandakı hotellərin gəlirləri 8 faiz artıb

Cəmiyyət Materials 17 Aprel 2012 17:27 (UTC +04:00)
Ötən il Azərbaycandakı mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdikləri gəlir 2010-cu illə müqayisədə 8,3 faiz artaraq 114,7 milyon manata çatıb.
Azərbaycandakı hotellərin gəlirləri 8 faiz artıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İsabalayeva/

Ötən il Azərbaycandakı mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdikləri gəlir 2010-cu illə müqayisədə 8,3 faiz artaraq 114,7 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, gəlirlərin 76,5 faizi nömrələrin satışından, 15,8 faizi içkilər də daxil olmaqla, qida məhsullarının satışından, qalanı isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Ötən il Azərbaycadakı mehmanxana və mehmanxana tipli müəssisələrdə 258 min nəfər xarici ölkə vətəndaşı gecələyib. Onlar əsasən Türkiyə, Rusiya, Böyük Britaniya, İran, Almaniya, Ukrayna, ABŞ, Fransa, Çin, Qazaxıstan, Gürcüstan və İtaliya vətəndaşlarıdır. Mehmanxanalarda gecələyən əcnəbilərin 78,9 faizi turizm məqsədilə ölkəmizə gəlib.

Ötən il ərzində ölkədə 508 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Onların 6,7 faizi dövlət, 93,3 faizi qeyri-dövlət müəssisəsidir. Bu müəssisələrdəki nömrələrin (otaqların) sayı 14,8 min vahid, birdəfəlik tutum isə 32 min carpayı-yer olub. Nömrələrin 17,9 faizini lüks, 40,3 faizini birinci dərəcəli, 41,8 faizini isə turist dərəcəli nömrələr təşkil edir.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3 faiz artaraq 510,2 min nəfər olub. Onların da 50,6 faizi xarici ölkə vətəndaşlarıdır.

Xəbər lenti

Xəbər lenti