...

Baş Prokurorluq korrupsiya faktına görə bank işçilərinin və bələdiyyə sədrinin cinayət işini məhkəməyə göndərib

Cəmiyyət Materials 17 Aprel 2012 17:46 (UTC +04:00)
Baş Prokuroluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “RoyalBank” ASC-nin Xəzər filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Nəsimi rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluq korrupsiya faktına görə bank işçilərinin və bələdiyyə sədrinin cinayət işini məhkəməyə göndərib

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda korrupsiya cinayətlərində ittiham olunan bank işçilərinin və bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib.

Baş Prokuroluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "RoyalBank" ASC-nin Xəzər filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Nəsimi rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Rinad Məmmədov "RoyalBank" ASC-nin Xəzər filialının müdiri vəzifəsində işləyərkən filialın xəzinədarı Rasif Əliyev, mütəxəssisi Ayaz Şirəliyev və qeyriləri ilə qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair rəsmi sənədlər tərtib etməklə bankın kompüter sisteminə yalan məlumatlar daxil edərək Bakı şəhər sakinləri Cəmilə Əliyeva, Nailə Paşayeva və qeyrilərinin, ümumilikdə 92 şəxsin adına saxta kreditlər rəsmiləşdirməklə 459 min 571 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talayıblar.

Bundan başqa, Məmmədov taladığı pulun 163 min 338 manatını Abşeron rayonu, Qobu qəsəbəsində əldə etdiyi 0,1 ha torpaq sahəsində inşaat materiallarının istehsalı sexi, inzibati bina və sair tikililərin inşasına və təsis etdiyi "Caspian-017 Production" MMC-nin adından kafel-metlax yapışdırıcısının istehsalına sərf edərək cinayət yolu ilə əldə etmiş olduğu külli miqdarda pul vəsaitlərini leqallaşdırıb.

Törətdiyi cinayət əməllərinə görə Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Filialın digər əməkdaşları Rasif Əliyevə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci, Ayaz Şirəliyevə, Ramin Kərimova və Hüseyn Apışova 32.5, 179.3.2-ci, Tamara Quliyevaya, İftixar Həsənova, Orxan Ağayevə və Samir Atakişiyevə 308.2-ci və Rauf Qasımova 308.1-ci maddələr ilə ittiham elan edilib.

İstintaq zamanı 0,1 ha torpaq sahəsini qanunsuz olaraq Rinad Məmmədovun istifadəsinə vermiş Qobu bələdiyyəsinin sabiq sədri Mübariz Bayramov da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin Məcəllənin 308.1-ci maddəsi ilə ittiham elan edilib.
Aprelin 14-də cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti