...

Türkoloq alim Yunus Oğuzun kitablar toplusunun təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2012 14:13 (UTC +04:00)
Bu gün Atatürk Mərkəzində türkoloq alim Yunus Oğuzun son altı ayda nəşr edilən kitablar toplusunun təqdimatı keçirilib.
Türkoloq alim Yunus Oğuzun kitablar toplusunun təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Atatürk Mərkəzində türkoloq alim Yunus Oğuzun son altı ayda nəşr edilən kitablar toplusunun təqdimatı keçirilib.

Trend-in məlumatına görə, altı kitabdan ibarət topluya 3-ü Azərbaycanda, 3-ü isə xaricdə nəşr edilən "Əmir Teymur - Zirvəyə doğru" əsərinin 1-ci cildinin rus və Azərbaycan dillərində nəşrləri, "Əmir Teymur - Dünyanın hakimi" əsərinin 2-ci cildinin Azərbaycan dilində nəşri, "Qədim Türklər və Passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" əsərinin Azərbaycan və türk dillərində nəşrləri və "Atilla" əsərinin türk dilində nəşri daxildir.

Təqdimat mərasimində millət vəkilləri, yazıçı və şairlər, media qurumlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov tarixi əsərlərin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, bu əsərlərə baxdıqda görərik ki, Yunus Oğuzun əsərləri öz dəyərini, öz gücünü yalnız Azərbaycanda deyil, bütün dünyada göstərir.

Cəfərov vurğulayıb ki, Yunus Oğuz artıq özünü tarix romançısı kimi təsdiq etmiş yazıçılardandır. Qısa müddət ərzində çoxlu tarixi romanlar yazıb.

"Yunus Oğuz həm tarixçı kimi dəyərli bir tədqiqatçıdır, həm də ədəbiyyatçı kimi yaxşı bir roman ustasıdır. Yunus Oğuzun əsərlərində çox mühüm bir məsələ var ki, o da türkçülük, millilik və dövlətçilik ideologiyasıdır. Onun əsərlərinin ən güclü yerlərində də, ən zəif yerlərində də bu xüsusiyyət, ideoloji möhkəmlilik və millətin, xalqın düşünülmüş bir tarixini yaratmaq çox güclüdür və ona görə də bu, daha çox üstün cəhət hesab olunmalı və Yunus Oğuzun fəlsəfi, ideoloji təfəkkürünün nəticəsi kimi başa düşülməlidir", - Cəfərov qeyd edib.

Tədbirdə çıxış edən millət vəkili, yazıçı Aqil Abbas da Yunus Oğuzun əsərlərinin dəyərindən danışıb. O qeyd edib ki, son illər Yunus Oğuz doğrudan da çox böyük, çox çətin bir yükün altına girib, tarixi romanlar yazır.

"Yunus Oğuz bu gün həqiqətən bir yazıçı kimi gözəl əsərlər ortaya qoyub və bu əsərlər Azərbaycandan da kənarlara çıxa bilir. Bu kitablar, həmçinin gözəl elmi işlərdir", - Aqil Abbas deyib.

"Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva da Yunus Oğuzu bu münasibətlə təbrik edərək qeyd edib ki, istər tarixi faktlarda, istərsə də bədii faktlarda yazının özündə bütovlükdə müəllif özü durur, onun düşüncəsi, həyata, millətinə və dövlətinə münasibəti dayanır.

"Mən Yunus Oğuzun əsərlərini oxuyan bir oxucu kimi hesab edirəm ki, Yunus müəllim bütün əsərlərində dövlətçiliyi, millətçiliyi, xalqına sadiqlik prinsiplərini qoruya bilib", - Vəliyeva deyib.

Tədbirdə çıxış edən digər iştirakçılar da Yunus Oğuzu bu münasibətlə təbrik edib və onun əsərlərinin Türk dünyası üçün vacibliyini vurğulayıb.

Tədbirin sonunda Yunus Oğuz bütün iştirakçılara öz təşəkkürünü bildirib və gələcək planlarından danışıb.

Oğuz qeyd edib ki, o, yeni tarixi əsərlər üzərində çalışır və bir neçə əsərinin başqa dillərə tərcüməsi üzərində iş aparılır. Onun sözlərinə görə, "Nadir Şah" əsəri gələn il Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulacaq.

Yunus Oğuz həmçinin vurğulayıb ki, "Əmr Teymur - Zirvəyə doğru" əsərinin 2-ci hissəsi rus dilinə tərcümə olunacaq və həmin əsərin Qırğızıstanda da çapı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti