Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Memarlıq və İnşaat Universitetində Leonardo da Vinçinin büstü açılacaq.
Universitetin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, büst Romualdo Del Bianko Fondu tərəfindən universitetə hədiyyə edilib.
Büstün açılış mərasimi aprelin 24-də universitetdə keçiriləcək "Dərəcə və ixtisas" Bakı Regional tələbə diplom işləri festivalı çərçivəsində baş tutacaq.
Məlumatda qeyd olunur ki, Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək.
Paytaxtımızda keçiriləcək "Təzyiq altında irs" adlı beynəlxalq konfrans çəçivəsində bir sıra tədbirlər təşkil olunub. Bu tədbirlərdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək.
Belə ki, aprelin 24-də universitetdə "Dərəcə və ixtisas" Bakı Regional tələbə diplom işləri festivalına start veriləcək.
Tədbir Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanin Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı çərçivəsində keçirilir.
Festivalda Rusiya Memarliq və İnşaat Akademiyası, Gürcüstan Texniki Universitetinin, Odessa İnşaat və memarlıq akademiyasının, Kipr Doğu-Akdeniz Universitetinin nümayəndələri iştirak edəcəklər.
Festivalın məqsədi, universitet tələbələrinə öz diplom işlərini geniş auditoriya qarşısında təqdim etmək imkanı yaratmaq, onları aparıcı memarların təcrübəsi ilə yaxından tanış etmək, memarlığın müxtəlif istiqamətlərinə aid mühazirələrdə və seminarlarda iştiraklarını təmin etməkdir.