...

Azərbaycanda buraxılış imtahanlarını verə bilməyən orta məktəb şagirdləri üçün yenilik

Cəmiyyət Materials 23 Aprel 2012 15:03 (UTC +04:00)
Azərbaycanda buraxılış imtahanlarını verə bilməyən orta məktəb şagirdləri üçün təkrar imtahanın ən azı 3 aydan sonra keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda buraxılış imtahanlarını verə bilməyən orta məktəb şagirdləri üçün yenilik

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda buraxılış imtahanlarını verə bilməyən orta məktəb şagirdləri üçün təkrar imtahanın ən azı 3 aydan sonra keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, buraxılış imtahanlarının keçirilməsi ilə bağlı qaydalar Azərbaycan Nazirlər Kabinetində təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə daha geniş məlumat veriləcək. Attestat ala bilməyən əvvəlki illərin məzunları üçün də imtahanların keçirilməsi nəzərdə tutulur. Təhsil Nazirliyi tərəfindən məzunlarla bağlı məlumat bazası TQDK-ya təqdim edildikdən sonra onun əsasında imtahanların günləri müəyyənləşdiriləcək.

Bu il attestat ala bilməyən məzunların sayının artıb-artmayacağına gəlincə, Abbaszadə bildirib ki, bu barədə hələ bir şey deyə bilməz. O, əvvəlki illə müqayisədə attestat ala bilməyən məzunların sayının artmayacağına ümid etdiyini deyib.

TQDK sədri attestat ala bilməyən məzunlarla bağlı iş aparılmasını da vacib sayıb. Onun fikrincə, belə məzunlarla bağlı xüsusi kurs təşkil oluna və ya dövlət proqramı hazırlana bilər.

"Ali məktəblərə qəbul imtahanlarında yüksək səviyyəli suallar qoyulur. Ona görə də, şagird çox sadə imtahanlarda "0" bal alıbsa, o, qəbul imtahanlarında iştirak edəcəyini deyə bilməz. Əgər belə uşaqların sayı çoxdursa, biz gərək onlarla bağlı xüsusi Dövlət Proqramı hazırlayaq, kurslar keçirək. Xüsusi kurslar təşkil etmək lazımdır ki, onlar orada 3-4 ay məşğul olsunlar və yenidən təkrar imtahana gəlsinlər. Bunların hamısını buraxılış imtahanları keçirildikdən və araşdırmalar aparıldıqdan sonra qeyd edə biləcəyik. Təbii ki, əlifbanı bilməyən, sadə mətni oxumaqda çətinlik çəkən insan attestat ala bilməz", - TQDK sədri əlavə edib.

O deyib ki, buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərindən qiymət ala bilməyənlərin qəbul imtahanlarında iştirakı lazım deyil. Çünki o, qəbul imtahanlarında da ana dili və riyaziyyatdan "0" bal toplayacaq.

Abbaszadə hesab edir ki, attestat almaq üçün qoyulan builki kriteriyalar gələcəkdə qoyula biləcək kriteriyalardan çox aşağıdır.

"Mənə elə gəlir ki, bu nöqteyi-nəzərdən builki məzunların bəxti gətirib", - TQDK sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti