Azərbaycan, Bakı, 24 aprel /Trend/
Aprel ayının 22-də Qazaxıstan Qızıl Aypara Cəmiyyətinin prezidenti Erkebek Arqımbayev Azərbaycan Qızıl Aypara Cəmiyyətində rəsmi görüşlər keçirmək məqsədilə Bakı şəhərinə səfər edib. Onu Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Region üzrə nümayəndəsi Gyula Kadar müşaiyət edir.
Aprelin 23-də Erkebek Arqımbayev və Gyula Kadar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Cəmiyyətin prezidenti Novruz Aslanovla görüş keçirib. Görüşdən sonra qonaqlara Cəmiyyətin fəaliyyəti barədə geniş məlumatlar verilib. Səfərin əsas məqsədi təcrübə mübadiləsi aparmaq, MDB məkanında nümunəvi olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında qanunla ətraflı tanış olmaq və öz ölkələrində oxşar qanunun tədbiqində bunlardan istifadə etmək olub.
Aprelin 24-də Novruz Aslanov və cəmiyyətin kollektivi qonaqlarla birgə ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. 3 günlük səfər zamanı qonaqlara Azərbaycanda sosial-iqtisadi sahənin dinamik inkişafı barədə məlumatlar verilib, Bakı şəhərində həyata keçirilən geniş quruculuq və abdlıq işlərindən danışılıb. Qonaqlar da öz növbəsində Bakı şəhərinin gözəlliklərinə heyran olduqlarını və bu yenilikləri şəhərdə gəzinti zamanı müşahidə etdiklərini bildiriblər.