...

Azərbaycan və Ukraynanın hərbi prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Cəmiyyət Materials 25 Aprel 2012 16:24 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Ukrayna Respublikası Prokurorluğunun Hərbi Prokurorluqlar Baş İdarəsinin rəisi Yuriy Viytevin rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Hərbi prokuroru Xanlar Vəliyev başda olmaqla prokurorluğun bir qrup əməkdaşı ilə Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan və Ukraynanın hərbi prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanda səfərdə olan Ukrayna Respublikası Prokurorluğunun Hərbi Prokurorluqlar Baş İdarəsinin rəisi Yuriy Viytevin rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Hərbi prokuroru Xanlar Vəliyev başda olmaqla prokurorluğun bir qrup əməkdaşı ilə Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

Trend-in Hərbi Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sonra Ukrayna Respublikası Prokurorluğunun Hərbi Prokurorluqlar Baş İdarəsinin rəisi Yuriy Viytevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevlə görüşüb.

Görüşdə Hərbi prokuror Xanlar Vəliyev qonaqlara Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üçün dövlət səviyyəsində görülən tədbirlərdən, prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi bazanın yaradılmasından, Azərbaycan Hərbi Prokurorluğunun tarixi, strukturu, fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib. O, ölkəmizin Ukrayna Respublikası ilə dostluq və əməkdaşlıq münasibətlərinin ildən-ilə inkişaf etdiyini bildirərək, bunun iki ölkənin hüquq mühafizə orqanları arasında əlaqələrin inkişafına yaxşı zəmin yaratdığını qeyd edib, bu əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlər olduğunu və həmin imkandan maksimum yararlanmağın vacibliyini vurğulayıb.

Xanlar Vəliyev görüş zamanı, həmçinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu, əsir düşmüş şəxslərə işgəncə verilməsi, terror və erməni silahlı qüvvələrinin digər cinayət əməlləri nəticəsində azərbaycanlıların soyqırımına məruz qaldığını, törədilmiş bu ağır cinayətlərin istintaqının Hərbi Prokurorluq tərəfindən aparıldığını bildirib.

Yuriy Viytev hər iki ölkə Hərbi Prokurorluq orqanlarının maraqlarının təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını, dost Azərbaycana səfərindən xoş təəssüratlar aldığını vurğulayıb. Yuriy Viytev Ukrayna ilə Azərbaycan, eləcə də müvafiq strukturlar arasındakı münasibətlərin bundan sonra daim inkişaf edəcəyini bildirərək, ölkələrimizin hüquq mühafizə orqanları ilə əlaqələrin daha da möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Ukrayna tərəfinin təmsilçiləri Azərbaycan Respublikasının Hərbi Prokurorluq orqanları ilə hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını, bilik və təcrübələrini bölüşməyə, öz işləri barədə tanışlıq üçün şərait yaratmağa hazır olduqlarını bildirib, bu görüşlərin ölkələrimizin Hərbi Prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına bir töhfə olacağına əminliklərini ifadə ediblər.

Görüşdə Ukrayna və Azərbaycan hərbi prokurorluq orqanları üçün qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini, azərbaycanlı əhalinin soyqırımına məruz qalmasını əks etdirən kitablar və videomateriallar təqdim olunub. Nümayəndə heyətini Azərbaycan Respublikasının Müdafiə Naziri Səfər Əbiyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev qəbul edib. Qəbul zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında söhbət aparılıB. Tədbir çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyasında və Təlim Mərkəzində olmuş, şəxsi heyətlə görüşüblər.

Ukrayna Respublikası Prokurorluğunun Hərbi Prokurorluqlar Baş İdarəsinin rəisi Yuriy Viytevin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub. Nümayəndə heyətinə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Fond Ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixin öyrənilməsinə kömək göstərir. Qonaqlar Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolarla, habelə müxtəlif eksponatlarla tanış olublar.

Nümayəndə heyəti səfər çərçivəsində Bakının bir çox tarixi mədəni yerlərində olmaqla yanaşı Dövlət Bayrağı Meydanına gedib, meydanda Dövlət Bayrağı Muzeyi ilə də tanış olub.

Xəbər lenti

Xəbər lenti