...

Almaniyada kişilərə nisbətən qadınlar Azərbaycanı ziyarət etməyə daha çox meyillidirlər

Cəmiyyət Materials 26 Aprel 2012 16:00 (UTC +04:00)
BMT İnkişaf Proqramının "Turizmin inkişafı layihəsinin Berlində Azərbaycanla bağlı apardığı araşdırma zamanı məlum olub ki, qadınlar ölkəmiz haqqında daha çox məlumatlıdırlar və kişilərə nisbətən Azərbaycanı ziyarət etməyə daha çox meyillidirlər.
Almaniyada kişilərə nisbətən qadınlar Azərbaycanı ziyarət etməyə daha çox meyillidirlər

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İsabalayeva/

BMT İnkişaf Proqramının "Turizmin inkişafı layihəsinin Berlində Azərbaycanla bağlı apardığı araşdırma zamanı məlum olub ki, qadınlar ölkəmiz haqqında daha çox məlumatlıdırlar və kişilərə nisbətən Azərbaycanı ziyarət etməyə daha çox meyillidirlər.

"Turizmin inkişafı layihəsi"ndən cümə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycan haqqında təəssüratlarını öyrənmək məqsədilə Berlində 521 respondent arasında keçirilən sorğu zamanı məlum olub ki, Azərbaycanı ziyarət etmək təklifini qəbul edənlər arasında 30-40 yaş qrupu daha çoxdur.

Sorğu zamanı məlum olub ki, Azərbaycanı ziyarət etmək istəyənlər arasında digər ölkələrə nisbətdə polşalı respondentlər daha çoxdur.

Sorğuda Azərbaycan Türkiyədən sonra səyahət üçün arzuolunan ikinci ölkədir (26,5%). Sorğuya cəlb olunan respondentlərin 94,6%-i iddia edir ki, Azərbaycan haqqında eşidiblər.

Təhlillər göstərir ki, gender baxımından Azərbaycanı tanıyanların əksəriyyətini qadınlar təşkil edir. Respondentlərin əksəriyyətini (72,2%) ölkədəki təhlükəsizlik vəziyyəti maraqlandırır.

Azərbaycana gəlmək istəyən turistlərin 54,7 faizi Azərbaycan haqqında məlumatları əsasən internetdən və "Google"dan alırlar.

Sorğunun nəticələrindən bəlli olur ki, xarici səyahətə 800-1200 avro arası xərcləyən turistlər arasında Azərbaycan haqqında eşidənlər və ya Azərbaycanı görmək istəyində olanlar çoxluq təşkil edir.

Respondentlərin 27,3 faizi xaricdə məzuniyyətə 8-10 gün sərf etdikləri halda, 8,8 faizi 2 həftədən çox sərf etdiklərini deyiblər.

Araşdırmanın təhlilləri göstərir ki, xaricdə səyahətə 8-10 gün sərf edən turistlər arasında Azərbaycanı tanıyan və ya Azərbaycan haqqında eşidənlər çoxluq təşkil edir.

Azərbaycan haqqında eşitmiş və ya Azərbaycanı ziyarət etmək istəyən turistlərin əksəriyyəti ilk növbədə uçuş və yaşayış problemini nizamlamaq istəyində olduqlarını vurğulayıblar (79,9%).

Araşdırmanın nəticələrinə görə, əsasən 30-40 və 21-29 yaş qrupları arasında olanlar Azərbaycan tipli ölkələrə mədəni səfərlərin təşkil edilməsini tövsiyə edirlər.

Xəbər lenti

Xəbər lenti