...

Podratçı: "Bakı Kristal Zalı"nın tikintisi qısa müddətdə həyata keçirilən möhtəşəm layihədir (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2012 12:32 (UTC +04:00)
"Bakı Kristal Zalı"nın tikintisi qısa müddətdə həyata keçirilən möhtəşəm layihədir. Bu barədə Trend-ə müsahibəsində "Alpine Bau Deutschland AG" və NÜSSLI layihə-konstruktor müştərək müəssisəsinin rəhbəri Rayner Kventser bildirib
Podratçı: "Bakı Kristal Zalı"nın tikintisi qısa müddətdə həyata keçirilən möhtəşəm layihədir (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

"Bakı Kristal Zalı"nın tikintisi qısa müddətdə həyata keçirilən möhtəşəm layihədir. Bu barədə Trend-ə müsahibəsində "Alpine Bau Deutschland AG" və NÜSSLI layihə-konstruktor müştərək müəssisəsinin rəhbəri Rayner Kventser bildirib.

"NÜSSLI şirkəti Azərbaycandan sifarişi 2011-ci ilin may ayının son günlərində alıb. Bizdən səkkiz ay ərzində 25 min tamaşaçı tutumlu tamamilə yeni bir yer tikməyi xahiş etdilər. Bizim həmin məqamda layihə haqqında heç bir məlumatımız yox idi", - o deyib.

Kventserin sözlərinə görə, podratçılar 2011-ci il iyunun 1-də Bakıda modul obyektin ilkin konsepsiyasını təqdim ediblər. Onların fikrincə, konsepsiya 2012-ci ilin mayında "Eurovision" müsabiqəsinin keçiriləcəyi məkanın belə tez inşası üçün yeganə mümkün variant idi.

"Bizim ilkin təklifimiz mahnı müsabiqəsinin keçirilməsi üçün müvəqqəti qərara əsaslanmışdı. Bundan sonra konsert zalı digər yerə köçürülə bilərdi. Biz elə arena təklif etməyi planlaşdırırdıq ki, o həm də futbol stadionu kimi istifadə edilə bilsin, daxili və dam örtüyü konstruksiyası isə sonradan gimnastika və güləş yarışları üçün məkan kimi yararlı olsun", - o bildirib.

Kventserin sözlərinə görə, bu baş plan böyük maraqla qarşılandı. Belə ki, Azərbaycanda idman qurğularının müəyyən çatışmazlığı mövcuddur.

Kventser qeyd edib ki, Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi ilə imzalanan yekun müqaviləyədək qərar qəbul edilib ki, zal paytaxtda musiqi və idman tədbirlərinin keçirilməsi üçün daimi meydança kimi öz yerində qalacaq.

Onun sözlərinə görə, qısa müddət, potensial risklər və xaricdə belə ölçüdə obyekt tikmək kimi asan olmayan vəzifəni nəzərə alan NÜSSLI komandaya etibarlı tərəfdaşları cəlb etmək qərarına gəldi.

"2011-ci il iyulun 2-də Dövlət Komitəsi ilə keçirilən ikinci görüşdə baş podratçı qismində "Alpine Bau Deutschland AG", ümumi layihələndirmə və planlama, layihənin idarə edilməsinin koordinasiyası və dəstək üçün tərəfdaş qismində NÜSSLI, həmçinin layihələndirmə və memarlıq dəstəyini öz üzərinə götürən "GMP International" şirkətindən ibarət layihənin komandasını təqdim etdik", - Kventser deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsinə bütün iştirakçı tərəflər təqdim edildi və belə layihələrdə əvvəlki iş təcrübəsinin üstünlüyü qeyd edildi.

"Biz Bakıya bir müddət sonra gəldik, bu dəfə əlimizdə iki dizayn-konsepsiya var idi. Bunlar "Golden Curtain" və "Bakı Kristal Zalı" layihələri idi. Bizim Dövlət Komitəsi ilə axırıncı görüşümüz iyulun sonunda baş tutdu, yekun müqavilə isə birincidən iki ay sonra, 2011-ci il avqustun 2-də imzalandı", - Kventser vurğulayıb.

Onun sözlərinə görə, komanda üç əsas elementdən ibarət kompleks hazırlayıb: Oturacaqlar, futbol meydançası ölçüsündə damın daxili hissələri və GMP-nin təqdim etdiyi şou üçün vizual elementlərdən ibarət mürəkkəb xarici örtüyün daxil olduğu fincanlar adlı "NÜSSLI Modular Stadium".

Kventser deyib ki, bu əsas elementlər eyni vaxtda müxtəlif subpodratçıların köməyi ilə hazırlanıb, yığılıb və quraşdırılıb.

O bildirib ki, futbol arenası ölçüsündə olan bütün kompleks modul struktur qismində hazırlanıb.

Onun sözlərinə görə, Azərbaycan əvvəllər NÜSSLI və onun tərəfdaşlarına müraciət etməyib və şirkətlər böyük riskə getməyə məcbur oldular - ən böyük narahatlığı tikintinin çox qısa müddətdə aparılacağı yaratdı. Kventserin sözlərinə görə, NÜSSLI komandası tikintinin bütün mərhələləri ərzində hər həftə işin gedişatı barədə Dövlət Komitəsi və EBU-ya məlumat verirdi.

"Biz bütün maraqlı tərəflərlə əlaqə saxlayırdıq və məlumat üçün açıq idik. Tikinti qrafikimizdən çıxış edərək, ayrı-ayrı sahələrdə çatışmazlıq və gecikmələrimiz var idi. Lakin biz bunu kompensasiya etmək üçün tədbirlər gördük. Bu açıq ünsiyyət EBU-nun referans-qrupunun etibarını möhkəmləndirdi", - o deyib.

Kventser bildirib ki, 2012-ci il yanvarın 25-də EBU tərəfindən yekun yoxlama aparıldı. Yoxlama zamanı müştərək müəssisə üzrə bütün tərəfdaşlar işin gedişatı haqqında məruzə etdilər.

Hərçənd həmin vaxt bəzi əsas elementlər, o cümlədən damın daxili karkası, qonaqlar üçün VIP zona, işıq-diod işıqlandırma sisteminin xarici fasadı və bir çox şeylər hələ tikinti mərhələsində idi. Kventserin sözlərinə görə, EBU bu yekun iclasda təqdim edilən tikintinin qrafikindən və tikintinin sürətləndirilməsi üzrə layihədən heyrətlənmişdi.

Onun sözlərinə görə, heç şübhəsiz ki, həmin gün əldə edilən məlumat əsasında EBU-nun referans-qrupu 57-ci "Eurovision" mahnı müsabiqəsinin Bakıda yeni "Kristal Zalı" obyektində keçiriləcəyi barədə yekun qərar qəbul etdi.

Kventser bildirib ki, "Eurovision" kimi əhəmiyyətli hadisələr təkcə yerli təşkilatçılar üçün deyil, eləcə də bir çox tərəfdaşlar üçün əla bonusdur.

Onun sözlərinə görə, modul konstruksiyaların səmərəliliyi və dəyəri daha yaxşı təqdim edilə bilməz: o, böyük sürəti və səmərəliliyi nümayiş etdirir. Onunla istənilən ölçüdə modul konstruksiyalar planlaşdırıla və reallaşdırıla bilər.

"Kristal Zalı" kimi mürəkkəb layihələr biznesimizin möhkəmləndirilməsinə yardım edir və layihənin reallaşdırılmasına ayrılan vaxtdan asılı olmayaraq, gələcəkdə səmərəli və düzgün qərar qəbul etmək bacarığımızın inkişafına kömək edir. Biz xeyli yeni təcrübə əldə etdik və tərəfdaşlarımız və subpodratçılarımızla tanış olduq ki, bu da bizə mövcud rəqabətli bazarda daha böyük üstünlüklər verir", - o bildirib.

Kventserin sözlərinə görə, bu layihədə yığılan modul stansiyaların reallaşdırılmasında əlavə təcrübə əlavə təkmilləşmələr verir ki, bunu da komanda növbəti layihədə həyata keçirə bilər.

"NÜSSLI və bizim bütün tərəfdaşlarımız fürsətdən istifadə edərək 2012-ci il mayın 26-da Bakıda keçiriləcək bu möhtəşəm şouda Azərbaycan və müsabiqənin bütün iştirakçı ölkələrinə uğurlar arzulayır", - o deyib.

Şouda istifadə olunacaq bütün avadanlıqlar artıq Bakıya gətirilib. Bakı şousunda 80 min işıq diodu, 2500-dən çox projektordan istifadə olunacaq. May ayında tamaşaçılara səhnə dizaynı, "Green Room", çəkiliş üslubu ilə fərqlənən möhtəşəm şou təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti