...

Azərbaycanda ilk dəfə olaraq tələbələrə endirim kartı verilib (FOTO)

Cəmiyyət Materials 19 May 2012 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq tələbələrə "Tələbə endirim kartı" təqdim edilib.

Trend-in məlumatına görə, kartların təqdimetmə mərasimində çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, bu kartların çox böyük üstünlükləri var.

"Kartlar vasitəsilə gənclər müəyyən şəbəkələrdən imtiyazla istifadə edəcəklər", - nazir deyib.

İmtiyazların nə qədər olmasına gəldikdə, Mərdanov bildirib ki, hər bir şəbəkənin özünün güzəşt paketi olacaq və bununla bağlı elanlar veriləcək.

"Ola bilər ki, burada müəyyən səyahətlər, təhsil haqqı ilə bağlı bəzi məsələlər və s. olsun. Yəqin ki, bu şəbəkənin əhatə dairəsi getdikcə genişlənəcək. İmtiyazların nə qədər olacağını indidən demək isə çətindir", - o deyib.

Mərdanov bildirib ki, bu kartlar Azərbaycanda 150 minə yaxın tələbənin hər birinə veriləcək, kartlar 4 illlik olacaq və bütün tələbələr onu mərhələlərlə alacaqlar.

"Digər ölkələrdə bu kartlar tələbələrə pulla verildiyi halda, Azərbaycanda pulsuz verilir", - nazir qeyd edib.

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, bu kartlar Azərbaycan tələbələrinə ölkə ərazisində, eləcə də Avropanın 30-dan çox ölkəsində 80 mindən artıq ictimai iaşə müəssisələrindən, hotellərdən, internet klublardan və s. güzəştlə istifadə etmək imkanı verir.

Rəhimov deyib ki, ilkin olaraq bu kartlar müxtəlif ali məktəblərdən 150 tələbəyə verilir. İlin sonunadək isə bütün ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri bu kartla təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti