Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/
Quba, Qəbələ, Göyçay, Sumqayıt, Salyan, Sabirabad, Gəncə və Bərdədə Azərbaycan Gənclər Fondunun təqdimatları təşkil olunacaq. Fondun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, təqdimatlarda aktiv gənclər bir araya toplanacaq və onlara layihələrini necə maliyyələşdirə biləcəkləri barədə ətraflı məlumat veriləcək.
Bunun üçün fondun əməkdaşları iki qrupa bölünərək müxtəlif istiqamətlərdə yola düşüblər. Təqdimatları Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov və digər əməkdaşlar aparırlar.
Artıq Sabirabad, Salyan və Qubada təqdimatlar keçirilib və gənclər tərəfindən böyük marağa səbəb olub. Təqdimatlarda layihələrin necə yazılmalı və təqdim edilməsi barədə diskussiyalar aparılıb.
Təqdimatlar bu gün Gəncə, Qəbələ və Bərdədə davam edəcək. Zona mərkəzi olaraq təyin olunmuş Gəncəyə Gəncə, Mingəçevir, Daşkəsən, Yevlax, Gədəbəy, Samux, Göygöl, Şəmkir, Qazax, Tovuz, Ağstafa kimi şəhərlərdən gənclər qoşulacaq.
Növbəti təqdimat Qəbələdə baş tutacaq. Burada isə müvafiq olaraq Qəbələ, Şəki, Balakən, Qax, Zaqatala, Oğuzdan olan ictimai aktiv gənclər iştirak edəcəklər.
Bu gün ərzində sonuncu təqdimat Bərdə şəhərində keçiriləcək. Təqdimata Bərdə, Ağcabədi, Tərtər, Goranboy və Naftalandan gənclər gələcəklər. Ümumilikdə, hər təqdimatda 150-yə yaxın gəncin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə yaradılıb.