...

Azərbaycanda iyul-avqust ayları üçün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 25 İyun 2012 18:03 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin iyul və avqust aylarında havanın necə keçəcəyini açıqlayıb.
Azərbaycanda iyul-avqust ayları üçün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin iyul və avqust aylarında havanın necə keçəcəyini açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bazar ertəsi Trend-ə bildirib ki, yay dövrü ərzində Azərbaycanda havanın temperaturunun iqlim normasından 0,5-1 dərəcəyədək yuxarı olacağı gözlənilir. İyul və avqust aylarının ayrı-ayrı günlərində qısamüddətli də olsa, isti günlər müşahidə olunacaq. İsti günlər daha çox iyul aylarında qeydə alınacaq.

Onun sözlərinə görə, isti havaların yayın ən isti ayı hesab edilən iyulun konkret hansı günlərində müşahidə ediləcəyi dəqiqləşməsə də, ayrı-ayrı günlərdə yüksək temperaturların qeydə alınacağı proqnozlaşdırılır.

Verdiyev deyib ki, bu ilin iyun ayında Bakı və Abşeron yarımadasında 38-40 dərəcə isti hava müşahidə olunub. Belə istilər iyul ayı ərzində ayrı-ayrı günlərdə qısa müddətə də olsa, davam edəcək.

Nazirlik rəsmisinin sözlərinə görə, ötən il iyulun 10, 30 və 31-də Bakıda 40 dərəcə, Sumqayıtda 42 dərəcə, Culfada 45 dərəcəyə yaxın, Mərkəzi Aranda - Zərdabda 44, dağlıq ərazi olan Gədəbəydə 37 dərəcə isti qeydə alınmışdı. Amma bu il isti havalar gözlənilsə də, belə kəskin istilərin olacağı proqnozlaşdırılmayıb. Bu il yayın ayrı-ayrı günlərində müşahidə edilən yüksək temperaturların 39-40 dərəcə olacağı proqnozlaşdırılır.

Verdiyev deyib ki, 2010-cu ilin yayında uzunmüddətli istilər qeydə alınıb.

"2010-cu il iyulun 25-dən avqustun 20-dək uzunmüddətli istilər oldu. Ancaq keçən il yayda qısamüddətli istilər qeydə alındı. Ötən il ardıcıl isti hava şəraiti 3-4 gün davam edib", - Verdiyev əlavə edib.

Onun sözlərinə görə, bu ilin iyun ayı ərzində ən isti dövr 13-dən 16-dək olub. Ən isti gün isə iyunun 15-də olub. Həmin gün Bakıda 38,3 dərəcə, Maştağada 40,2 dərəcə, Mərkəzi Aranda - Qazıməmməddə 41 dərəcə, Naxçıvanın bəzi rayonlarında 39 dərəcə isti qeydə alınıb.

Baş hidroloq bildirib ki, ümumilikdə, builki yay 2010-cu illə müqayisədə isti olmayacaq. O, son dövrlərdə ən isti yay 2000-ci ildə olub. Həmin ilin 1-2 avqustunda Bakı və abşeron yarımadasında gündüz 39-42, Naxçıvan MR-da və Mərkəzi aranda 40-43, MR-nın Culfa rayonunda 46 dərəcə istilik qeydə alınıb. 2010-cu ilin ən isti dövrü isə 11-12 iyulunda olub. Həmin günlərdə Bakı və Biləcəri qəsəbəsində 40-41, Zərdabda 42-43, Culfada 44 dərəcə isti olub.

Xəbər lenti

Xəbər lenti