...

Dövlət əyar damğası ilə damğalanmamış zərgərlik məmulatlarını almayın!

Cəmiyyət Materials 9 İyul 2012 18:04 (UTC +04:00)
2012-ci ilin 6 ayı ərzində Azərbaycanda 44 sahibkarlıq subyektində dövlət əyar nəzarəti keçirilib.
Dövlət əyar damğası ilə damğalanmamış zərgərlik məmulatlarını almayın!

Azərbaycan, Bakı, 9 iyul /Trend/

2012-ci ilin 6 ayı ərzində Azərbaycanda 44 sahibkarlıq subyektində dövlət əyar nəzarəti keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Gəncə şəhəri, Nizami küçəsi, 50 ünvanında yerləşən Mərkəzi Univermaqda fəaliyyət göstərən səkkiz sahibkara və Gəncə şəhəri, Nizami küçəsində fəaliyyət göstərən iki sahibkara məxsus obyektlərdə aparılmış əyar nəzarəti tədbirləri zamanı dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən məmulatların istehlakçılara təklif edilməsi faktlarına daha çox rast gəlinib.

Belə ki, qeyd edilən obyektlərdə aparılan yoxlamalar zamanı satışda olan bütün məmulatların, yəni 6847 ədəd zərgərlik məmulatlarının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Alıcılara təklif edilən həmin zərgərlik məmulatlarının 46%-nin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

2012-ci ilin 6 ayı ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə müvafiq olaraq 299 944 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən 41 800 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Ümumilikdə, 2012-ci ilin 6 ayı ərzində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanmaq və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 1010121,4 manat dövlət rüsumunun büdcəyə ödənilməsi təmin edilib.

Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti bir daha vətəndaşlara tövsiyə edir: Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün dövlət əyar damğası ilə damğalanmamış zərgərlik məmulatlarını almayın!

Xəbər lenti

Xəbər lenti