Azərbaycan, Bakı, 10 iyul /Trend müxbir M.Əliyev/
Azərbaycan Rusiyanın daşqından zərər çəkən Krasnodar diyarına çərşənbə axşamı ikinci humanitar yardım karvanı göndərib.
Trend-in məlumatına görə, Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev jurnalistlərə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 22 yük maşınından ibarət humanitar yardım karvanı Rusiyaya yola salınıb.
Onun sözlərinə görə, yük avtomobillərindən 20-si içməli su, biri uşaqlar üçün gigiyenik paketlər və bir maşın qadın və uşaqlar üçün geyimlər aparır.
Abdullayev deyib ki, 51 nəfər şəxsi heyəti olan karvanın çərşənbə günü təyinat yerinə çatması gözlənilir.
8 iyulda Krasnodar diyarına göndərilmiş birinci karvanda da 22 maşın var idi, humanitar yardıma içməli su, şirələr və digər zəruri ərzaq məhsulları daxil edilmişdi.