...

Prokurorluq Bakı sakininin polis əməkdaşlarına xəsarət yetirməsi faktı ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 12 İyul 2012 19:41 (UTC +04:00)
Bakı şəhər prokurorluğu Bakı sakininin polis əməkdaşlarına bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı məlumat yayıb.
Prokurorluq Bakı sakininin polis əməkdaşlarına xəsarət yetirməsi faktı ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Bakı şəhər prokurorluğu Bakı sakininin polis əməkdaşlarına bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı məlumat yayıb.

Prokurorluqdan cümə axşamı Trend-ə verilən məlumata görə, iyulun 10-da Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Abbasov Hafis Məmmədağa oğlunun yaşadığı mənzildə sərxoş vəziyyətdə ailə üzvlərini öldürməklə hədələməsi barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə daxil olmuş məlumat əsasında rayon Polis İdarəsinin əməkdaşları Abbasovun qanunazidd davranışlarının qarşısının alınması üçün həmin ünvana gəliblər.

Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan Abbasov onları qəsdən həyatdan məhrum etmək məqsədilə cibində olan bıçaqla hücum etməklə polis əməkdaşları E.Məmmədov və M.Mehdiyevə müxtəlif dərəcəli xəsarətlər yetirib, lakin bıçağın qırılması və polis əməkdaşlarının ona fəal müqavimət göstərmələri səbəbindən cinayət əməlini başa çatdıra bilməyib.

Daha sonra Abbasov qanunazidd hərəkətlərini davam etdirərək rayon Polis İdarəsinin əməkdaşlarının çağırışı ilə köməyə gələn DİN-in Çevik Polis Alayının əməkdaşları, həmçinin tibbi yardım göstərilməsi üçün çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçilərini də öldürməklə hədələyərək evindən götürdüyü mətbəx bıçağı ilə yenidən hücum edərək polis əməkdaşı Yusif Rzayevə xəsarətlər yetirib. Polis əməkdaşları tərəfindən zərərsizləşdirilən Abbasov cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib.

Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.7 və 29, 120.2.10-cu (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti