...

Əflatun Amaşov: Azərbaycanda internet mediası tək mənəvi cəhətdən deyil, həm də iqtisadi rentabellilik baxımından özünü doğrultmaqdadır (MÜSAHİBƏ)

Cəmiyyət Materials 16 İyul 2012 17:19 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Trend-ə müsahibəsi
Əflatun Amaşov: Azərbaycanda internet mediası tək mənəvi cəhətdən deyil, həm də iqtisadi rentabellilik baxımından özünü doğrultmaqdadır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Trend-ə müsahibəsi

- Son illərdə Azərbaycanda çox sürətlə internet mediası formalaşdı, daha doğrusu, ənənəvi mətbuatdan internetə çox güclü axın oldu və nəticədə bizim ölkəmizdə də internet mediası formalaşmağa və geniş vüsət almağa başladı. Bəs internet mediamızın inkişaf tempini necə qiymətləndirirsiniz?

- Doğru qeyd etdiniz ki, son illərdə internet mediası sürətlə formalaşdı. Mən deyərdim ki, eyni sürət özünü müəyyən mənada onun inkişaf tempində də göstərdi. Ümumən hazırda rəsmi statistikaya görə, ölkədə internet istifadəçiləri əhalinin 65 faizini təşkil edir. Əlbəttə, ötən illərlə müqayisə bu rəqəmin özü də bəlli inkişafdan xəbər verir. Təbii ki, konkret yanaşsaq, məsələyə fərqli tərzdə münasibət bildirmək mümkündür. Çünki inkişaf dedikdə peşəkarlıq, məsuliyyət kimi kateqoriyalar nəzərdə tutulur. Bu mənada demək olmaz ki, internet mediası hansısa üstünlüyə malikdir. Medianın inkişafı əslində internetin ümumi inkişafının, bir növ, yedəyində gedən prosesə çevrilib. Yəni, birincinin sistemə özününkü olaraq təklif etdiyi çox az şey var. Yəqin məhz buna görədir ki, statistik rəqəmlər Azərbaycanda ən çox xarici saytların izlənildiyini göstərir - Facebook, Google, Youtube və başqalarının.

Azərbaycanda 50-yə yaxın daha çox izlənilən saytı fərqləndirmək mümkündürsə, bunlardan 23-ü özümüzə aiddirsə və həmin 23-dən də 16-sı xəbər saytıdırsa, demək, mövcud istiqamətdəki durum hələ heç də yaxşı deyil. Əlbəttə, 23-dən 16-sının məhz internet mediası təmayüllü olmasını vurğulamaq lazımdır. Bu, o deməkdir ki, xəbərçilik strukturu internetin inikşafının təbiəti ilə, necə deyərlər, həmahəngdir. Mövcud məqam gələcəyə daha nikbin baxmağa əsas verir.

- Xəbər saytlarında da çap mediası kimi monitorinqlər aparılır, onlardan həmişə "jurnalist peşəkarlığı" tələb olunur, "jurnalistlərin peşə etikası" sözsüz ki, onlara da aid edilir, həmçinin KİV haqqında qanun da. Deməli, internet sektoru həm də KİV-dir, mətbuatdır. Amma internet bütün dünyada azad, sosial məkan kimi qəbul edilir. Bu mənada, sizcə, virtual internet məkanında qanunlar tətbiq edilməlidirmi? Yəni, internet mediası mətbuatdır, yoxsa, azad sosial şəbəkədir?

- Olduqca maraqlı və əslində polemikalara yol aça biləcək məqama toxunursunuz. Mövzu təkcə respublikamız üçün aktual deyil. Dünyanın hər yerində məsələ ətrafında müzakirələr gedir. Hətta hərdən elə təəssürat yaranır ki, internet, bir növ, ilahiləşdirilməkdədir. Yəni, bu sistemə "toxunmaq olmaz" kimi mülahizələr qabardılır. Təbii ki, "toxunmaq olar" deyənlər heç də o fikirdə deyillər ki, interneti məhdudlaşdırmaq lazımdır və ya onu hansısa sanksiyalara məruz qoymağa ehtiyac var. Sadəcə, tənzimlənmənin zəruriliyini bildirirlər. Bu isə əslində cəmiyyətin sosial sifarişi kimi meydana çıxır. Elə həmin internet media sahibləri özləri bir yerə toplaşaraq sifarişin dəyərləndirilmə yollarını nəzərdən keçirirlər. Çünki bundan onların gələcək mövcudluqları asılıdır. Məsələyə tam olaraq şüurlu şəkildə yanaşılır.

Məsuliyyət kateqoriyası birmənalı şəkildə qanunlardan asılı olmaya bilər. Əksinə, bəzən, qanunla tənzimlənmə müəyyən fəsadlara da yol açır. Digər tərəfdən, qanun təbiətcə fundamental yüklü olmalıdır. Konkret internet mediasında diqqətçəkən hansısa hadisəyə nəzərən qanun qəbul edilsə, təbii ki, bu, müsbət qarşılanmayacaq. Məncə, mövcud məkana kompleks yanaşmaq lazımdır. Onu daha dərindən, həm müəyyən mənada yerli şəraitin tələbləri, həm də beynəlxalq təcrübə nəzərə alınmaqla öyrənmək, ictimai maraqları tam şəkildə ayırd etmək və uzlaşdırmaq lazımdır.

Digər tərəfdən, siz "azad sosial şəbəkə" ifadəsini işlətdiniz. Azad olan prinsipcə təkcə internet mediası deyil, digərləri də həmin statusdadırlar. Burada söhbət sərbəstlikdən, ən əsası isə məsuliyyətdən gedir. Sərbəstliyə gəlincə, bəli, hazırda xəbər resursları, deyək ki, ənənəvi KİV-lər kimi müxtəlif vergi ödənişlərindənmi və sair bu kimi tələblərdənmi uzaqdırlar. Məsuliyyətə gəldikdə eynilik var. Az öncə məsuliyyətin təminatçısı qismində təkcə qanunların çıxış etmədiyini qeyd etdim. Nəzərə alsaq ki, məsuliyyəti formalaşdıran həm də qanunlardır, o zaman konkret olaraq internet mediasının hüquqi cəhətdən tənzimlənməsində belə problem yoxdur. Sadəcə, məsələyə yanaşma var. Bu da zənnimcə, hansısa məqamda şüur məsələsidir. Kimsə istəyirsə ki, internet qanunla tənzimlənməsin və mövcud hal onun məsuliyyətsizliyi üçün plasdarm versin, bu, yolverilməz baxışdır. Təbii ki, qanundan yararlanaraq hansısa inzibati amirlik sistemini formalaşdırmağı düşünənlərin də nəzərləri məqbul dəyərləndirilə bilməz. Hər bir halda KİV-in, yəni cəmiyyətə dəqiq, qərəzsiz, tərəfsiz informasiya çatdıran qurumun azadlığı və müstəqilliyi konsepsiyası qorunmalıdır.

- İnternet şəbəkəsinin günü-gündən genişlənməsi qarşısıalınmaz bir prosesə çevrilib. İnternet mediasının "hegemonluğu" Sizi, çap mətbu orqanlarının qurumu olan Mətbuat Şurasını narahat etmir ki? Sadə dildə desək, bu işlərin axırı necə olacaq sizcə?

- Mətbuat Şurası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən təşkilatdır. Onun qayəsində bir qədər öncə haqqında söz açdığım jurnalist məsuliyyətinin qorunması prinsipi dayanır. İnanıram ki, indiki vəziyyət 9 il əvvəl olsaydı, Şuranın təsisçiləri sırasında internet xəbər resurslarının sayı daha çox olacaqdı. Ola bilər, qurumun adı bilavasitə Mətbuat Şurası adlanmazdı, amma funksiya, zənnimcə, dəyişməyəcəkdi. Düşünürəm ki, hazırkı vaxtda tənzimləyici missiyaya ehtiyac artır. Çünki ənənəvi mediaya nisbətən internet mediası üçün ictimai nəzarət daha vacibdir. Həm də ona görə ki, birincinin məsuliyyət kateqoriyasının dəqiqləşdirilməməsi təsadüfi simalar üçün daha geniş "imkanlar" verir. Nəzərinizə bir faktı çatdırım: Mətbuat Şurasının "qara siyahı"sında yer alan KİV-lərin bəzisi artıq internet üzərindən yayımlanır və əvvəlki yarıtmazlıqlarını davam etdirirlər. Şuraya belələri, ümumən peşə fəaliyyətini pozan digər internet xəbər resursları ilə əlaqədar da çoxsaylı müraciətlər daxil olmaqdadır. Bizi narahat edən budur, nəinki internet mediasının ənənəvi KİV-ləri üstələməsi ilə bağlı təbii proses.

İkinci halda söhbət axından gedir. Güman edirəm ki, ona qarşı durmağa kimsənin gücü çatmaz. Bütün dünyada nüfuzlu media qurumları internet yayıma keçirlər. Proses Azərbaycan üçün də xarakterikdir.

Azərbaycan Mətbuat Şurasının iş prinsipinə gəldikdə isə, qurum ayrı-ayrı vətəndaşların internet mediası ilə bağlı müraciətlərini də araşdırır və özü üçün başlıca məsuliyyət etalonu sayılan "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na uyğun olaraq qərar və rəylər çıxarır. Təbii ki, sahənin spesifikliyini də nəzərə alırıq. Bunun üçün sırf internet mediası ilə əlaqədar şikayətlərin araşdırılması üçün İdarə Heyətinin üzvlərindən ibarət xüsusi məşvərət qrupu da formalaşdırmışıq. Həmin qrup konkret şikayət faktını daha dərindən təhlil edir. Yenə də deyirəm ki, əsas məsələ ictimai əhəmiyyətlilik faktorudur. Mövcud mənada fərqi yoxdur harada baş verir - qəzetdə, yoxsa internet xəbər orqanında - hansısa vətəndaşın hüquqları pozulursa, buna zəruri adekvat reaksiya verilməlidir.

Üçüncü bir məsələ cəmiyyət üçün vacib olan dəyərlərin, birgəyaşam qaydalarının qorunub saxlanmasıdır. Söhbətimizin əvvəlində statistikaya təsadüfən müraciət etmədim. Ən çox izlənilən 23 saytdan 16-sı xəbər təmayüllüdürsə, burada pozitiv məqam ondadır ki, əslində jurnalistika internet məkanını haradasa ələ almağı bacarıb. Amma gəlin, ona da nəzər salaq ki, ölkəmizdə kifayət qədər mənasız, deyərdim ki, mənəvi normalarımıza zidd saytlar da fəaliyyət göstərməkdədir. Düşünürəm ki, bir toplum olaraq belə xoşagəlməzliklərə münasibətdə müqavimət hissimizin formalaşması zəruridir. Burada da medianın bütöv bir orqanizm kimi vəhdət nümayişi isə danılmazdır.

- Yəqin ki, özünüz də internet mediasının oxucususunuz. Bu resurslar özünü və adını doğrulda bilirmi?

- İnternet gündəlik həyatımıza nüfuz etdiyi kimi, internet mediası da günümüzün ayrılmaz tərkib hissəsinə çevrilib. Təbii ki, hər gün hələ işə gəlməmişdən öncə aparıcı internet xəbər resurslarının, demək olar, hamısına göz gəzdirirəm. Gün ərzində də onlardan ayrılmaq olmur.

Azərbaycanda internet mediası tək mənəvi cəhətdən deyil, həm də iqtisadi rentabellilik baxımından özünü doğrultmaqdadır. Hazırda aylıq gəliri 50-100 min arasında dəyişən xəbər portalları mövcuddur. Qısa zaman ərzində buna nail olmaq sıradan məsələ sayıla bilməz. Güman edirəm ki, vaxt keçdikcə daha müsbət proseslərə şahidlik edəcəyik.

- İnternetdə reklamların həcmi ilə bağlı birmənalı rəylər yoxdur. Qəzetlər də bu məsələdə şikayətçidirlər, internet saytları da hesab edirlər ki, hazırkı reklam həcmi mövcud potensialın hamısı deyil. Sizcə, media üçün gəlir mənbəyi olan reklamlar niyə saytlara güclü axın etmirlər? Axı internet məkanı reklam üçün ən yaxşı bazardır...

- Qeyd etdiyiniz məsələlər KİV təmsilçilərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovla ötən ayın sonunda Mətbuat Şurasında baş tutan görüşündə də səsləndi. Müəyyən təkliflər də irəli sürüldü.

Ümumən KİV-lərlə nisbətdə media portallarının mövcud istiqamətdəki vəziyyəti arasında kifayət qədər fərq var. İkincilər reklam verənlər üçün cəlbedicidirlər. Görüşdə daha çox ayrı-ayrı hüquqi və fiziki şəxslərin, sahibkarlıq subyektlərinin nəyə görə ənənəvi mediaya maraq göstərməmələri üzərində dayanıldı. Bunu yaradan problemlər içərisində yayımın düzgün həyata keçirilməməsi, satış nöqtələrinin azlığı və sair məsələlər vurğulandı.

Digər tərəfdən isə, yaddan çıxarmaq olmaz ki, reklam problemi ümumi səciyyə daşıyır. Təbii ki, hansısa iş adamına öz məhsulunun reklamını harada yerləşdirməsi ilə bağlı göstəriş verilə bilməz. O, sərbəstdir və fəaliyyətini qanunvericiliyin tələbləri çərçivəsində qurur. Ənənəvi medianın bütün dünyada müşahidə edilən durğunluğu şəraitində yaşayırıqsa, bu hal hansısa sahibkarı məncə, o qədər də maraqlandırmamalıdır. Əsas olan onun məhsulunun təbliğidir. Təbii ki, 1000 nüsxə tirajı olan qəzetdənsə, 50 min oxucuya malik sayt daha əlverişlidir. Həmin şəxs 1000 oxucusu olan internet xəbər portalına da reklam verməz təbii ki.

Görüşdə əsas təkliflərdən biri də dövlət reklam və elanlarının KİV-də yerləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı idi. Məlum olduğu kimi, Mətbuat Şurası bu istiqamətdə Türkiyənin Basın Yayın və Elan Qurumunun təcrübəsini öyrənib. Təkliflər sırasında bu məsələyə baxılması da əsas yer tuturdu.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda açıq tenderin keçirilməsi barədə elanın respublikanın dövlət qəzetlərində verilməsinə dair müddəa yer alıb. Tədbir iştirakçıları mövcud status-kvonun aradan qaldırılması ilə əlaqədar da təklif irəli sürdülər. Düşünürəm ki, bu və bu kimi məsələlərin gerçəkləşməsi ilə tənzimləyici, konkert desək, dövlətin tənzimləyici roluna ümid etmək və gəlirləri artırmaq mümkündür.

- İnternet resurslarının ortaq problemlərini, reklam gəlirləri, təhlükəsizliyi, reytinqi, inkişafı, monitorinqi və s. məsələlərin həllini öz üzərinə götürə biləcək bir qurum yaradıla bilərmi?

- Təbii ki, belə bir strateji işin həyata keçirilməsi vacibdir. Əslində Mətbuat Şurası tərəfindən irəli sürülən təşəbbüsün məğzində də bu cəhət dayanır. Söhbət Türkiyənin Basın Yayın və Elan Qurumunun təcbürəsinin ölkəmizdə tətbiqindən gedir. Qurum təkcə vurğuladığınız məsələləri deyil, eyni zamanda dövlət elan və reklamlarının bərabər bölgüsünü də reallaşdırır. Ümumən bu prosesin baş tutması vacibdir. Təbii ki, ayrıca təşkilatın vasitəsilə gerçəkləşdirilməsi daha məqsədəuyğun olardı.

Ümumən internet mediasına dair məsələdə geniş müzakirələrin təşkili, hər bir detalın nəzərə alınması vacibdir. Mətbuat Şurası bu zərurəti dəyərləndirərək sabah, yəni iyulun 17-də Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə Bakıda "Ənənəvi KİV-dən on-line mediaya keçid" mövzusunda beynəlxalq konfransın təşkilini planlaşdırır. Tədbirdə KİV rəhbərləri və ekspertlərlə yanaşı, xarici media mütəxəssisləri, beynəlxalq jurnalist qurumlarının təmsilçiləri iştirak edəcəklər. Toplantıda sözügedən mövzu ilə əlaqədar dünya standartları, aktual problemlər, onlayn media azadlığı ilə bağlı qanunvericilik təşəbbüsləri, sosial media və sosial şəbəkələrin fəaliyyət xüsusiyyətləri və sair bu kimi məqamlar ətrafında geniş diskussiyalar açılacaq. Güman edirəm ki, konfransdan faydalı nəticələr əldə edə biləcəyik.

Xəbər lenti

Xəbər lenti