...

Azərbaycan BMT-də narkotiklərlə mübarizə üzrə vahid konvensiyanın qəbulu təşəbbüsü ilə çıxış edəcək

Cəmiyyət Materials 18 İyul 2012 12:25 (UTC +04:00)
Azərbaycanda dünyanın nüfuzlu hüquqşünaslarının forumunu keçirməklə vahid Bakı konvensiyasının qəbul olunması planlaşdırılır.
Azərbaycan BMT-də narkotiklərlə mübarizə üzrə vahid konvensiyanın qəbulu təşəbbüsü ilə çıxış edəcək

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dünyanın nüfuzlu hüquqşünaslarının forumunu keçirməklə vahid Bakı konvensiyasının qəbul olunması planlaşdırılır. Trend-in məlumatına görə, bunu çərşənbə günü "Narkotiklərsiz Sağlam Cəmiyyətə Qlobal Yanaşma" mövzusunda keçirilən konfransda Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirib.

O deyib ki, Azərbaycanda bir qrup tanınmış hüquqşünas tərəfindən formalaşdırılacaq işçi qrupu BMT-nin vahid konvensiyasının işlənib hazırlanmasında yaxından iştirak edəcək.

"Hazırda BMT-nin 3 konvensiyası qüvvədədir və dünya ölkələri bu üç konvensiyanı ratifikasiya etməklə qanunvericiliyini təkmilləşdirir. Lakin biz hesab edirik ki, bu konvensiyalar təkmilləşməlidir. Vahid konvensiyanın işlənib hazırlanması təşəbbüsü ilə Azərbaycan yaxın vaxtlarda BMT-də məsələ qaldıracaq", - Əfəndiyev deyib.

Ofis rəhbəri qeyd edib ki, Əfqanıstanda 2011-ci ildə narkotiklərin istehsalı 6 min tona yaxın olub. 2014-cü ildən ABŞ və NATO qoşunları Əfqanıstandan çıxacaq, bundan sonra narkotik istehsalının artacağı ehtimalı böyükdür.

"Bütün faktlar artıq narkotiklərlə mübarizədə vahid yanaşmaya ehtiyac olduğunu, BMT-nin vahid konvensiyasının qəbul olunmasının zəruriliyini göstərir", - Əfəndiyev deyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirdə bildirib ki, Azərbaycanda narkomaniyaya qarşı qanunvericilik bazası kifayət qədər sərtləşdirilib.

"Bu proses həm dövlətin, hüquq mühafizə orqanlarının, həm də vətəndaş cəmiyyətinin nəzarətindədir", - o deyib.

Hüseynli vurğulayıb ki, Azərbaycan Parlamenti hər zaman narkomaniyaya qarşı mübarizəyə dəstək verir.

Xəbər lenti

Xəbər lenti