...

Azərbaycanda sərxoş sürücülərə qarşı cəzaların sərtləşdirilməsi müzakirə ediləcək

Cəmiyyət Materials 27 İyul 2012 16:23 (UTC +04:00)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfail Cəbrayılov cümə günü Trend-ə bildirib ki, parlamentin builki payız sessiyasında sərxoş sürücülərə qarşı qanunvericiliklə nəzərdə tutulan məsuliyyətin sərtləşdirilməsi müzakirə olunacaq.
Azərbaycanda sərxoş sürücülərə qarşı cəzaların sərtləşdirilməsi müzakirə ediləcək

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda avtomobili sərxoş halda sürənlərə qarşı cəzaların sərtləşdirilməsi təklif olunur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfail Cəbrayılov cümə günü Trend-ə bildirib ki, parlamentin builki payız sessiyasında sərxoş sürücülərə qarşı qanunvericiliklə nəzərdə tutulan məsuliyyətin sərtləşdirilməsi müzakirə olunacaq.

"Azərbaycanda avtomobili sərxoş halda idarə edənlər yalnız inzibati qaydada cəzalandırılır. Həmin sərxoş sürücü gərək kiməsə xəsarət yetirsin ki, cinayət məsuliyyətinə cəlb olunsun", - Cəbrayılov deyib.

Deputat hesab edir ki, avtomobili sərxoş halda idarə edənlər birmənalı olaraq sürücülük vəsiqəsindən məhrum edilməlidirlər.

O, bu məsələ ilə bağlı Ukrayna təcrübəsinin də maraqlı olduğunu vurğulayıb.

"Ukraynada bir şəxs sistematik şəkildə avtomobili sərxoş idarə edirsə, onun avtomobili müsadirə olunur", - Cəbrayılov qeyd edib.

Bu ilin I yarısında Azərbaycanda 449 986 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb ki, onlardan 9116-sı nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi nəticəsində baş verib.

Xəbər lenti

Xəbər lenti