Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda çoxuşaqlı ailə anlayışı bərpa olunacaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Trend-ə bildirib ki, qurumun hazırladığı təkliflərdə 5 və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi təklif olunur.
Sofiyeva bildirib ki, hazırlanmış təkliflərdə yaşı 18-dək olan və həqiqi hərbi xidmətdə olan uşaqların xidmət müddəti bitənədək, əyani təhsil alan uşaqların isə təhsil müddəti başa çatanadək (23 yaşdan çox olmamaq şərtilə) uşaq hesab olunması nəzərdə tutulub.
Sədr müavini qeyd edib ki, hazırladıqları təkliflər paketində çoxuşaqlı ailələrə güzəşt və imtiyazların verilməsi ilə bağlı məsələlər də yer alıb.
Bu təkliflərin konkret nədən ibarət olduğunu açıqlamayan Sofiyeva bildirib ki, həmin güzəşt və imtiyazlar çoxuşaqlı ailələrin sosial təminatı ilə əlaqədardır.
Komitə rəsmisi "Qəhrəman ana" adının da gündəmə gətiriləcəyini deyib. Qeyd edib ki, gələcəkdə 7-10 uşağı olan analara "Qəhrəman ana" adı verilməsi mümkün ola bilər.
Sofiyava bildirib ki, təkliflər paketi yaxın günlərdə Nazirlər Kabineti və Milli Məclisə təqdim olunacaq.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə müsahibəsində çoxuşaqlı ailələrə güzəştlərin verilməsi ilə razılaşmadığını deyib.
Onun fikrincə, çoxuşaqlı ailələrə dövlət qayğısı ilə bağlı dövlət proqramının qəbul edilməsi daha məqsədəuyğundur.
Quliyev bildirib ki, çoxuşaqlı ailələrin sosial müdafiəsi üçün dövlət tərəfindən mütəmadi tədbirlər həyata keçirilməlidir.
Quliyevin fikrincə, dövlət proqramı ilə çoxuşaqlı ailələrin gəlirlərinə uyğun olaraq onlara ilbəil vəsaitin ayrılması, onların dövlət tərəfindən icbari tibbi sığortaya cəlb olunması, təhsili ilə bağlı bütün xərclərin dövlət tərəfindən təmin olunması tənzimlənə bilər.
"2001-ci ildən başlayaraq sosial müdafiənin güzəşt və imtiyaz sistemindən imtina etmişik, ünvanlı sosial müdafiə sisteminə üstünlük veririk. Çoxuşaqlı ailələr müxtəlifdir. İmkanlı ailələr də var. Ona dövlət tərəfindən sosial vəziyyəti ağır olan ailə ilə eyni dərəcədə yardım göstərilməsinin də mənası yoxdur və əsas məqsədə xidmət etmir. Bu mənada, düşünürəm ki, çoxuşaqlı ailələrə dövlət qayğısı ilə bağlı dövlət proqramı qəbul etmək olar", - Quliyev deyib.
Millət vəkilinin fikrincə, qanunla tənzimləmə daha çevik üsul deyil və qanun bütün vətəndaşları bərabər tutur. Çoxuşaqlı ailələrin isə eləsi var ki, dövlətin qayğısına ehtiyacı yoxdur.
Quliyev çoxuşaqlı analara "Qəhrəman ana" adının verilməsi ilə də razı deyil.
"Gender siyasəti həyata keçiririksə, onda "Qəhrəman ata" adı da verilməlidir. Əgər ata və ana uşaqları bir yerdə böyüdürsə, tərbiyə edirsə, atanın da xidmətləri nəzərə alınmalıdır. Həm də "qəhrəman" sözü ilə "ana" sözü bir-birinə uyğun gəlmir. Nəsə başqa bir ad tapmaq olar. Məsələn "Şərəfli ana", - Quliyev deyib.