...

Azərbaycanda orta məktəblərdə elektron kitabxanalar yaradılacaq

Cəmiyyət Materials 17 Sentyabr 2012 15:17 (UTC +04:00)
Azərbaycandakı orta məktəblərdə adi məktəb kitabxanası ilə yanaşı, elektron kitabxanalar da fəaliyyət göstərəcək.
Azərbaycanda orta məktəblərdə elektron kitabxanalar yaradılacaq

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycandakı orta məktəblərdə adi məktəb kitabxanası ilə yanaşı, elektron kitabxanalar da fəaliyyət göstərəcək.

Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova bazar ertəsi Trend-ə deyib ki, yeni hazırlanmış orta məktəb kitabxanalarının əsasnamə layihəsi Nazirlər Kabinetinə təqdim edilib. Kabinet isə layihəni rəylər nəzərə alınmaqla yenidən işlənmək üçün nazirliyə göndərib. Həmin rəylərə əsasən, əsasnamə layihəsinə bəzi qanunvericilik aktlarının adı əlavə edilməlidir.

Hüseynova deyib ki, bu əsasnamə həm orta məktəb kitabxanalarının fəaliyyəti üçün hüquqi baza yaradacaq, həm də orta məktəblərdə elektron kitabxanaların yaradılmasına təkan verəcək.

Şöbə müdiri deyib ki, hazırda bütün orta məktəb kitabxanalarında elektron kitabxanaların yaradılması üçün maddi-texniki baza yoxdur. Amma gələcəkdə bütün orta məktəblərdə bu baza olmalıdır.

"Bu, şərt kimi qoyulmayacaq. Sadəcə, əsasnamə imkan verəcək ki, adi orta məktəb kitabxanaları da, elektron kitabxanalar da həmin əsasnamə ilə işləyə bilsin. Elektron kitabxanalar harada imkan varsa, ilk növbədə orada yaranacaq. Sonra digər orta məktəblərdə də belə kitabxanalar olacaq", - Hüseynova əlavə edib.

O, hazırda Təhsil Nazirliyi tərəfindən ali məktəblərin kitabxanalarının əsasnamə layihəsinin hazırlandığını da söyləyib.

Xəbər lenti

Xəbər lenti