...

VI Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi öz işinə başlayıb

Cəmiyyət Materials 20 Sentyabr 2012 13:06 (UTC +04:00)
Bu gün Bakıda VI Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi öz işinə başlayıb.
VI Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi öz işinə başlayıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda VI Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi öz işinə başlayıb. Trend-in məlumatına görə, sərginin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, sentyabrın 22-də yekunlaşacaq bu tədbirin keçirilməsinə Təhsil Nazirliyi dəstək verir.

Onun sözlərinə görə, builki sərgidə 20 ölkənin 100-ə yaxın qurumu iştirak edir.

Nazir deyib ki, sərginin keçirilməsində əsas məqsəd azərbaycanlı gənclərin marağını təmin etməkdir. Mərdanovun sözlərinə görə, bu gün xaricdə təhsil almaq istəyən hər bir şəxs burada öz seçimini edə bilər.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə bildirib ki, Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ölkənin təhsil müəssisələrində yeni ixtisasların açılmasına imkan verir.

Nazir müavini deyib ki, Azərbaycanın iqtisadiyyatı getdikcə inkişaf etdiyi üçün ölkədə səriştəli kadrlara da ehtiyac duyulur.

Sərgisinin təşkilatçısı "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov isə bildirib ki, bu il sərgidə ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən 96 təhsil müəssisəsi iştirak edir. Sərgidə iştirakçı ölkələrin siyahısı da genişlənib. Belə ki, bu il sərgidə dünyanın 20 ölkəsi, o cümlədən Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Koreya, Litva, Malayziya, Ukrayna, İsveçrə, Çexiya və digərləri azərbaycanlı tələbələrin yolunu səbirsizliklə gözləyən ali təhsil məktəblərini təqdim edirlər.

"Təhsil və Karyera 2012" sərgisində Litva ölkənin 11 məşhur təhsil müəssisəsi ilə çıxış edəcək. Belarus Milli Qrupuna bu ölkənin ən böyük şəhərlərinin 8 ali təhsil müəssisəsi daxildir. Ukrayna Respublikası isə 6 qabaqcıl universitetini təqdim edəcək. Əvvəlki kimi, Böyük Britaniya, BƏƏ və Kiprin ali təhsil müəssisələrinin təkliflər dairəsi müxtəlifdir. Azərbaycanda təhsil isə paytaxt və regionların dövlət və özəl ali təhsil müəssisələri tərəfindən təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti