...

Azərbaycanda daxili övladlığa verilmə sahəsində nəzarət sistemi yaradıla bilər

Cəmiyyət Materials 1 Oktyabr 2012 15:57 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi daxili övladlığa verilmə sahəsində nəzarətin yaradılmasını vacib sayır.
Azərbaycanda daxili övladlığa verilmə sahəsində nəzarət sistemi yaradıla bilər

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi daxili övladlığa verilmə sahəsində nəzarətin yaradılmasını vacib sayır.

Komitənin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova Trend-ə bildirib ki, qanunvericilikdə övladlığa verilmiş uşaqların sonrakı həyatına nəzarət məsələsi açıq qalıb.

Onun sözlərinə görə, əvvəllər bu sahəyə nəzarəti himayəçilik və qəyyumluq orqanları həyata keçirirdi.

"Hazırda bu sahəyə nəzarət proseduru olmadığı üçün problemlər var. Daxili övladlığa verilmiş uşaqların döyülməsi, zorakılığa məruz qalması faktları var. Bu uşaqların insan alverinin qurbanına çevrilməsi riski də var", - İbrahimova deyib.

Onun sözlərinə görə, Komitə daxili övladlığa götürmə ilə bağlı prosedurların hazırlanması və bu sahəyə nəzarətlə bağlı yeni layihə hazırlayır.

"Layihədə daxili övladlığa götürmə ilə bağlı prosedurlar müəyyən ediləcək. Hazırlanan layihədə bu sahənin qəyyumluq və himayəçilik orqanlarına həvalə edilməsi nəzərdə tutulur. Bu gün bununla bağlı qanunvericilikdə boşluq var, çünki qəyyumluq, himayə orqanlarının fəaliyyəti ilə bağlı əsasnamə sovet dövründə qəbul edilmişdi və indi öz əhəmiyyətini itirib. Bu qurumun yeni əsasnaməsi hazırlanmalıdır", - şöbə müdiri deyib.

Uşaq hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev Trend-ə bildirib ki, ölkədə övladlığa götürməyə (xüsusən də azyaşlı uşaqların) böyük bir tələb var.

Onun sözlərinə görə, bu sahədə problemlər övladlığa götürmə anından sonra yaranır.

"Məhkəmədə övladlığa verilmə ilə bağlı qərarın qəbulundan sonra övladlığa götürülən uşaqlara nəzarət etmək imkanları olmur. Bunun üçün resurslar, potensial və qanunvericilik imkanları lazımdır. Təəssüflər olsun ki, bu gün yerli səviyyədə icra hakimiyyətində olan qurumların kadr, maddi-texniki bazası, bacarıqları buna imkan vermir", - Quliyev deyib.

Uşaq hüquqlarının müdafiəçisi hesab edir ki, milli səviyyədə övladlığa verilmə prosesi ilə bağlı bir mexanizmin olması çox vacibdir.

Bu sahədə nəzarət imkanlarının olmasını vacib sayan Quliyev hesab edir ki, nəzarət olarsa, həm övladlığa götürmə prosesində şəffaflıq yaranar, həm də övladlığa götürən şəxslər məsuliyyətlərini dərk edərlər.

"Çünki heç kim zəmanət vermir ki, həmin uşağın sonrakı taleyi necə olacaq, onların hüquqları necə qorunacaq", - Uşaq hüquqları üzrə QHT Alyansının nümayəndəsi deyib.

Bu sahəyə nəzarəti həyata keçirmək səlahiyyəti olan qəyyumluq, himayəçilik orqanlarının fəaliyyətinin səmərəsiz olduğunu diqqətə çatdıran Quliyev bildirib ki, həmin qurumların kadr potensialı yoxdur, fəaliyyətləri daimi deyil.

Onun fikrincə, övladlığa götürmədə seçim prosesinə başlamazdan əvvəl, övladlığa uşaq götürən ailənin özü bu prosesə hazır olmalıdır.

"Bizdə "ailə hansı uşaq istəyir" prinsipi əsas götürülür. "Uşaq hansı ailə istəyir" prinsipi nəzərə alınmır. Biz adətən azyaşlı uşaqları övladlığa götürürük. Bu da o birilərinin kənarda qalması ilə nəticələnir. Bu gün dövlət uşaq müəssisələrində 8 mindən çox uşaq var. Onlardan 700-ə yaxını valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olanlardır. Qalan uşaqlar sənəd üzərində valideynlidir. Amma onların əksəriyyəti valideyni ilə ünsiyyətdə deyil. Qanunvericiliyə görə, əgər valideyn 6 ay müddətində uşağın təlim-tərbiyəsində iştirak etmirsə, internat evinin rəhbərliyi həmin valideynin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəmə qarşısında məsələ qaldırmalıdır. Amma təcrübədə əksər hallarda internat evlərinin rəhbərliyi məhkəmələrə müraciət etmir. Ona görə də çoxsaylı uşaqlar övladlığa verilə bilmir", - o deyib.

Quliyev hesab edir ki, övladlğa götürmək istəyənlər və övladlığa veriləcək uşaqlarla bağlı geniş məlumat bazası yaradılmalıdır. Həmin baza işlək baza olmalı, mütəmadi yenilənməlidir. Bu sahədə davamlı monitorinq aparılmalı, ailənin psixoloji durumu qiymətləndirilməli, uşağın gələcək inkişaf strategiyası hazırlanmalıdır. Həm də qəyyumluq, himayəçilik institutları, himayədar ailə təbliğ olunmalıdır", - hüquq müdafiəçisi deyib.

O hesab edir ki, uşaq övladlığa götürülməzdən əvvəl həm ailə, həm də uşaq üçün 6 aylıq keçid dövrü olmalıdır.

"Valideyn uşaq övladlığa götürmək istəyirsə, 6 ay müddətində övladlığa götürəcəyi uşaqla münasibət qumalı, onun təlim-tərbiyəsində iştirak etməlidir. Əgər bu müddətdə uşaqla bağlantı, ünsiyyət olarsa, deməli, bu ailə möhkəm olar", - o deyib.

Quliyevin fikrincə, övladlığa verilmə vahid bir qurumdan idarə olunmalıdır. O bildirib ki, uşaqlarla bağlı siyasətdə koordinasiyasızlıq var.

"Qəyyumluq, himayəçilik orqanları, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar, tibbi-pedaqoji komissiyalar ya ləğv olunmalı, ya da birləşməlidir. Vahid uşaq müdafiə sistemi yaradılmalıdır. Bu strukturda həm xidmətlər, həm monitorinq, həm də nəzarət imkanları olmalıdır", - Quliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti