...

DİN: Videogörüntüdə adıkeçən polis əməkdaşı 2008-ci ildə daxili işlər orqanlarından qovulub (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 22 Oktyabr 2012 13:05 (UTC +04:00)
ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videogürüntüdə adıkeçən məxfi idarənin əməkdaşı Rövşən Abbasquliyev daxili işlər nazirinin əmri ilə 2008-ci il fevralın 11-də işdə yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
DİN: Videogörüntüdə adıkeçən polis əməkdaşı 2008-ci ildə daxili işlər orqanlarından qovulub (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videogürüntüdə adıkeçən məxfi idarənin əməkdaşı Rövşən Abbasquliyev daxili işlər nazirinin əmri ilə 2008-ci il fevralın 11-də işdə yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Bunu Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov deyib.

Xidmət rəhbəri bildirib ki, onunla bərabər məxfi idarənin bir neçə əməkdaşı da eyni əməllərə görə daxili işlər orqanlarından qovulub.

Gözəlov bildirib ki, bu gün daxili işlər orqanlarında on minlərlə əməkdaş xidmət edir.

"Göründüyü kimi, çox böyük kollektivimiz var. Bu cür çoxminli bir qurumda müsbət işlərlə, nailiyyətlərlə yanaşı, ayrı-ayrı neqativ halların mövcudluğu da təbiidir və inkarolunmazdır. Nazirliyin rəhbərliyi və şəxsən cənab nazir xidməti vəzifələrin yerinə yetirməsində əldə olunan müsbət nəticələrin layiqli qiymətini almasına daim diqqətlə yanaşır. Amma, eyni zamanda, qeydə alınan hər bir nöqsana, polisin nüfuzuna xələl gətirən hər bir əmələ, xidmətlə bir araya sığmayan hər bir hərəkətə, xüsusən asayişin, hüquq qaydasının keşiyində durmalı olan şəxsin qulluq mövqeyindən sui-istifadə etməsinə, vəzifə borcuna xəyanətinə, xidmətlə bir araya sığmayan saxtakarlığına, xəyanətkar əməllərinə qarşı həmişə barışmaz, qətiyyətli və prinsipial mövqe və yanaşma nümayiş etdirir. Bu mənada nazirimizin belə mənfi təzahürlərə münasibəti həm daxili işlər orqanlarının şəxsi heyətinə, həm respublika ictimaiyyətinə, həm də cənab Elşad Abdullayevin özünə yaxşı məlumdur", - o deyib.

Nazirlik sözçüsü qeyd edib ki, videogörüntüdəki əməkdaşa gəldikdə, həmin şəxs hələ 2008-ci ilin fevralında daxili işlər orqanlarından xaric edilib.

"Lakin Elşad Abdullayevin təxminən 5 il əvvəl xidmətdən xaric edilmiş sabiq əməkdaşla söhbətinin videogörüntülərini yayımlaması nə daxili işlər orqanlarına, nə də Ramil Usubovun nüfuzuna xələl gətirir və gətirə də bilməz. Bu məsələ ilə bağlı əlavə bir söz deməyə ehtiyac görmürəm. Elşad Abdullayevin yaydığı həmin videogörüntü isə onun növbəti uğursuz cəhdindən başqa bir şey deyil", - Gözəlov deyib.

Xatırladaq ki, sosial şəbəkələrin birində Abdullayevin qardaşı Mahir Abdullayevin yoxa çıxması mövzusunda DİN-in 7-ci şöbəsinin əməkdaşları ilə söhbətini əks etdirən gizli videoçəkilş yayılıb. Həmin videogörüntüdə DİN-in əməkdaşı Mahir Abdullayevin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti