...

Azərbaycan cəmiyyəti və mətbuat "Diffamasiya haqqında" qanunun qəbuluna hazırdırmı?

Cəmiyyət Materials 24 Oktyabr 2012 14:41 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatı, Mətbuat Şurasının Dil komissiyasının sədri, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Trend-ə bildirib ki, "Diffamasiya haqqında" qanunun qəbulu ilə bağlı iki tam həll olunmamış problem var.
Azərbaycan cəmiyyəti və mətbuat "Diffamasiya haqqında" qanunun qəbuluna hazırdırmı?

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda qəzet redaktorları hesab edir ki, cəmiyyət "Diffamasiya haqqında" qanunun qəbul olunmasına hələ tam hazır deyil.

Azərbaycan Milli Məclisinin deputatı, Mətbuat Şurasının Dil komissiyasının sədri, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Trend-ə bildirib ki, "Diffamasiya haqqında" qanunun qəbulu ilə bağlı iki tam həll olunmamış problem var.

"Birincisi, Azərbaycan cəmiyyəti qorxur ki, "Diffamasiya haqqında" qanun qəbul olunsa, artıq mətbuat, jurnalistlər bundan öz fərdi maraqlarını təmin etməyə, yəni mətbuatın qarşısına qoylmuş vəzifənin icrasına, qərəzsiz, vicdanlı informasiya toplayıb yaymaqla yox, ancaq bəhrələnməklə məşğul olmağa çalışacaqlar", - Sadıqov deyib.

O bildirib ki, bu qanun qəbul olunarsa jurnalistlər üçün müəyyən bir cəzasızlıq şəraiti yaranacaq və beləliklə, cəmiyyətin ayrı-ayrı üzvləri, hörmətli insanlar təhqir olunacaqlar, mətbuatın haqsız hücumuna uğrayıb koməksiz vəziyyətdə qalacaqlar.

"İkinci həll olunmalı problem odur ki, jurnalistlər hələ özləri "Diffamasiya haqqında" qanunun qəbul olunmasına hazır deyillər. Yəni jurnalistlərin hər birinin peşə etikasından xəbəri olmalı, jurnalistikanın prinsiplərini, qaydalarını bilməlidirlər. Düşünürəm ki, bu məsələləri həll edə bilsək, qanunu qəbul edə bilərik", - Sadıqov bildirib.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev də hələ cəmiyyətin "Diffamasiya haqqında" qanunun qəbul olunmasına tam hazır olmadığını deyib.

"Ümumilikdə götürsək, mən Azərbaycan cəmiyyətini "Diffamasiya haqqında" qanunun qəbul olunmasına hələ tam hazır görmürəm. Bunu mən ilk növbədə jurnalistikanın özünə aid edirəm. Hələ jurnalistikamız bu qanunun qəbul olunması üçün yetişməyib. Bundan əlavə, oxucular buna tam hazır deyil. Ona görə də düşünürəm ki, qanunun qəbul olunması üçün müəyyən bir müddət keçməlidir", - Quliyev Trend-ə deyib.

Onun sözlərinə görə, əgər qanun vaxtsız qəbul olunsa bundan sösüz ki, sui-istifadə halları ola bilər. "Ancaq müəyyən hazırlıqlar prosesini davam etdirəndən sonra qanun qəbul olunarsa, ondan sui-istifadə halları xeyli dərəcədə aradan qaldırıla bilər. Bunun əsas yolu bu qanunun mahiyyəti ilə bağlı izahat işlərinin aparılmasıdır", - Quliyev bildirib.

"Yeni Müsavat" qəzetinin redaktoru Rauf Arifoğlu Trend-ə açıqlamasında cəmiyyətin "Diffamasiya haqqında" qanunun qəbul olunmasına hazır olduğunu bildirsə də, qanunun qəbul olunduqdan sonra ondan sui-istifadə hallarının baş verəcəyini istisna etməyib.

"İstənilən bir məsələdə sui-istifadə halları olub və bu qanundan da sui-istifadə halları olacaq", - Arifoğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti