Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi I Milli Ecazkar Oyunlar Çempionatının keçirilməsi layihəsi çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarında seçim turları və seminarlar keçirib.
Cəmiyyətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, seminarlarda hər rayondan 30 nəfər olmaqla ümumilikdə 90 nəfər intellektual və ixtiraçılıq potensialı olan gənclər iştirak ediblər. Seminarlarda yeniyetmə və gənclərə dünyada ildə bir dəfə olmaqla keçirilən beynəlxalq səviyyəli ecazkar zehni oyunlar yarışı (İnternational Puzzle Party-İPP), Nob Yoşiqahara ecazkar oyunlar müsabiqəsi barədə məlumatlar verilib.
Eyni zamanda iştirakçılara Çexiya Respublikasının Praqa şəhərində yerləşən Dünya Puzzle Federasiyası, onun nizamnaməsi, təşkilati strukturu, puzzle yarışları üzrə keçirilən dünya çempionatları haqqında informasiyalar verilib və Azərbaycan nümayəndəsinin də bu tədbirlərdə iştirakının vacibliyi qeyd olunub.