...

Azərbaycan və Rusiya QHT-ləri birgə fəaliyyət qrupunun yaradılmasını müzakirə ediblər

Cəmiyyət Materials 21 Noyabr 2012 09:51 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada Rusiya Federasiyası İctimai Palata sədrinin birinci müavini Mixail Ostrovskinin başçılıq etdiyi Palatanın idarə heyətinin üzvləri ilə görüşüb.
Azərbaycan və Rusiya QHT-ləri birgə fəaliyyət qrupunun yaradılmasını müzakirə ediblər

Azərbaycan, Bakı, 20 noyabr /Trend müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada Rusiya Federasiyası İctimai Palata sədrinin birinci müavini Mixail Ostrovskinin başçılıq etdiyi Palatanın idarə heyətinin üzvləri ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə Şuradan bildiriblər.

Görüşdə iki ölkənin vətəndaş cəmiyyəti institutlarının keçdiyi mərhələlər, milli, regional və yerli səviyyələrdə ictimai nəzarətin təşkili, vətəndaş cəmiyyəti qurumlarının ikitərəfli münasibətlərin inkişafına, inteqrasiya prioseslərinə və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfəsi, vətəndaş cəmiyyəti qurumları arasında əməkdaşlığın perspektivləri və 2013-cü ildə Azərbaycan və Rusiya birgə əməkdaşlıq layihələri barədə geniş fikir mübadiləsi aparılıb.

Quliyev görüşdə bildirib ki, iki ölkənin vətəndaş cəmiyyətləri arasında əməkdaşlıqla bağlı konkret təkliflər sırasında 2013-cü ildə Rusiya və Azərbaycan QHT-lərinin qarşılıqlı əhəmiyyət kəsb edən layihələrinin maliyyələşdirilməsi üçün birgə qrant müsabiqəsinin keçirilməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına vətəndaş cəmiyyəti institutlarının töhfəsinin verilməsi üçün Rusiya Federasiyası İctimai Palatasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkili, Rusiya və Azərbaycanda keçirilən parlament və prezident seçkilərində QHT-lərin monitorinq və exit-poll aparmasının təşkili, Rusiya Federasiyasında yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiya olunmasına, o cümlədən azərbaycanlılarla bağlı milli-etnik zəmində baş verən münaqişələrin araşdırılmasına, münaqişəli vəziyyətlərin aradan qaldırılmasına hər iki ölkə QHT-ləri təmsilçilərindən ibarət birgə qrupların cəlb edilməsi, hər iki ölkənin QHT-lərindən formalaşan "Rysiyanın və Azərbaycanın Dostları" qrupunun yaradılması, Azərbaycan-Rusiya sərhədində vətəndaşlarım nəqliyyat vasitələrinin sərbəst keçidinə yaradılan maneələrin və problemlərin operativ qaydada aradan qaldırılmasına ictimai nəzarəti təmin etmək məqsədilə hər iki ölkənin QHT təmsilçilərindən ibarət monitorinq qruplarının yaradılması, Rusiyada yaşayan azərbaycanlılar üçün pulsuz dil kurslarının təşkili, iki ildən bir Azərbaycan Rusiya QHT-lərinin forumunun keçirilməsi, beynəlxalq arenada hər iki ölkənin mənafeyini müdafiə məqsədilə birgə fəaliyyətin əlaqələndirilməsi və s. qeyd edilib.

Ostrovski və İctimai Palata üzvləri təkliflərə bütövlükdə müsbət yanaşdıqlarını qeyd edərək, onların ikitərəfli əməkdaşlıq üçün yetərincə dəyərli olduğunu, gələcək fəaliyyətin planlaşdırılması üçün anlaşma memorandumunun hazırlanması və onun 2013-cü ilin mart ayında İctimai Palata üzvlərinin Bakıya səfəri zamanı imzalanmasının vacibliyini bildiriblər.

Müzakirələr zamanı İctimai Palatanın üzvləri tərəfindən Rusiya, Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti qurumları arasında əməkdaşlığın təşkili məqsədilə üçtərəfli formatda görüşlərin keçirilməsi təklif edilib və təklif Azərbaycan nümayəndə heyəti tətəfindən razılıqla qarşılanıb.

Sonda səsələndirilən bütün təklif və rəylərin ümumiləşdirilməsi, anlaşma memorandumunun layihəsinin və 2013-cü ilin fəəaliyyət planının hazırlanması üçün hər iki tərəfin nümayəndələrindən ibarət birgə işçi qrupu yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti