Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Uşaqların internetdən istifadəsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev Trend-ə bildirib ki, təkliflər internet klublarında və evdə internetdən istifadə edən uşaqların internetdən istifadə etməsi ilə bağlı vəziyyətə nəzarət etmək məqsədi daşıyır.
Əliyev deyib ki, Komitə bu sahədəki vəziyyəti öyrənmək üçün internet klublarında monitorinqlər aparır. Monitorinqlər zamanı məlum olub ki, uşaqlar dərs müddətində internet klublarında onların tərbiyəsinə mənfi təsir edən saytlara daxil olurlar.
İnternet klublarının əksəriyyətinin məktəblərin yanında yerləşdiyini qeyd edən qurum rəsmisi bildirib ki, məktəb rəhbərləri bununla bağlı Komitəyə şikayət edir.
Əliyev internet klublarına nəzarətin vacibliyini vurğulayaraq bildirib ki, çox vaxt uşaq dərsə getmək adı ilə evdən çıxır, amma məktəbə getmir, saatlarla internet klubda oturur.
"Monitorinqlər zamanı günlərlə məktəbə gəlməyib internet klubda vaxt keçirən uşaqların olması barədə faktlar aşkarlanıb. Bu müddətdə valideyn uşağını məktəbə yola saldığını düşünüb, məktəb isə uşağın günlərlə dərsə gəlməməsi barədə valideyni xəbərdar etməyib. Valideyn də uşağı ilə maraqlanmayıb, məktəblə əlaqə saxlamayıb. Monitorinq zamanı bir internet klubunda dərs vaxtı 15 məktəblinin oturduğunu müəyyən etmişik", - Komitə rəsmisi deyib.
Onun sözlərinə görə, oktyabrda başlayan monitorinqlər bütün respublikanı əhatə edir. Monitorinqlər indiyədək Bakının 3 rayonunda - Sabunçu, Binəqədi və Xəzər rayonlarında keçirilib.
Həmin təkliflərin bir qismi uşaqların hansı yaşdan internet klublarına buraxılması, hansı yaşda, hansı müddətdə, hansı saytlara daxil olmalarına icazə verilməsi ilə bağlıdır.
Əliyevin sözlərinə görə, internet klublarına nəzarət kameralarının quraşdırılması, gün ərzində internetdən istifadə edənlərin qeydiyyaının aparılması təklif olunur.
Komitənin hazırladığı təkliflərdə məsuliyyət məsələsi də nəzərdə tutulur. Belə ki, belə internet klublarının sahiblərinin, uşaqlarını nəzarət etməyən valideynlərin inzibati qaydada cərimələnməsi, inzibati məsuliyyətə cəlb olunması, xəbərdarlığa əhəmiyyət verməyən internet klublarının fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Əliyev mövcud problemin həllində bütün cəmiyyətin məsuliyyət daşıdığını qeyd edib. Bu sahədə sahə müvəkkillərinin də məsuliyyətdən kənarda qalmadığını vurğulayan Komitə rəsmisi bildirib ki, sahə müvəkkilləri məktəbdən yayınan və dərs müddətində müəyyən fəaliyyətlə məşğul olan uşaqlara nəzarəti gücləndirməlidir.
Böyük məsləhətçi bildirib ki, təkliflərin digər bir qismi isə evdə internetdən istifadə edən uşaqlarla bağlıdır. Onun sözlərinə görə, hansı evlərdə ki, uşaq var, onlara satılacaq kompüterlər filtirlərlə təmin olunmalıdır. Həmçinin həmin evlərin xidmətindən istifadə edəcəyi provayderlər də bu filtirlərlə təmin olunmalıdır.
Evlərdə uşaqların zərərli saytlara daxil olmaması məqsədilə onların kompüterlərində mühafizə sistemləri qurulmalıdır.
Əliyevin sölərinə görə, təkliflər paketi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilib. Müvafiq qurumların bununla bağlı rəyi və təklifləri alındıqdan sonra Kimitə inzibati qanunvericiliyə dəyişikliklərlə bağlı yekun layihə hazırlayacaq.