...

"Karyerada ilk addım" devizi altında növbəti məşğulluq tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2012 17:00 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri davam etdirilir.
"Karyerada ilk addım" devizi altında növbəti məşğulluq tədbiri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tələbələrlə, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən növbəti belə tədbir Azərbaycan Texniki Universitetində keçirilib.

Tədbirin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Azərbaycan Texniki Universitetinin rəhbərliyi tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri ilə tanış olub, işəgötürənlərin nümayəndələri, habelə tələbə və məzunlarla həmsöhbət olaraq, onların belə tədbirlərlə bağlı fikir və rəylərini öyrəniblər.

Aktiv məşğulluq tədbirində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən, 29-u dövlət, 93-ü isə qeyri-dövlət sektoruna aid ümumilikdə 122 işəgötürən müəssisə və təşkilat iştirak edib. Həmin müəssisələr tərəfindən 1295 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Tədbirin əsas məqsədi məzun və tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasında imkan yaratmaq, eyni zamanda, işaxtaran vətəndaşların layiqli işlə təmin olunmalarına kömək göstərilməsi olub.

Tədbirdə iri şirkətlərdən "Azərcell Telekom" MMC , "Bakcell LTD" MMC, "European Tobacco-Baku" ASC, "Azərsun Holding" MMC, "Veysəloğlu Yayıcılı Qardaşlar" MMC, Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti, "Ata Holding" ASC, "Nurgün Qrup" MMC, "Improtex Motors" MMC, "Bakı Universal Maşınqayırma" ASC, "Azərsu" ASC və digər iri müəssisələr iştirak ediblər.

Qeyd edək ki, ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinə 2007-ci ildən başlanılıb. 2007-2012-ci illər ərzində Bakı şəhəri üzrə keçirilmiş belə tədbirlərdə 1310 işəgötürən təşkilat 8714 boş (vakant) iş yeri təqdim edib. Tədbirlərdə iştirak edərək boş iş yerlərinə göndəriş verilmiş 2402 nəfərdən 1064 nəfəri münasib işlə təmin olunub. Gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən tədbirlər davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti