Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Məşhur azərbaycanlı milyonçusu, mеsenat, Rusiya İmperiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı Hacı Zeynalabdin Tağıyevlə bağlı yeni materiallar aşkar edilib.
Trend bazar ertəsi Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına "H.Z.Tağıyevin təltif nişanları" adlı yeni vitrin əlavə olunub.
Muzey əməkdaşlarının uzun müddət apardığı araşdırmalar nəticəsində Tağıyevə məxsus bir neçə orden və medal aşkarlanıb. Belə ki, Muzeyin Faleristika və Bonistika Fondunun müdiri Sənubər Qasımova tərəfindən aşkarlanmış H.Z.Tağıyevin təltif nişanları tədqiq olunub. Vitrində H.Z.Tağıyevin müxtəlif illərdə təltif olunduğu İranın "Şir-i xurşid" ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin "Şərəfli Buxara ulduzu" ordeni, həmçinin Rusiya İmperatorluğunun "III Aleksandrın tacqoyma mərasiminə həsr olunan medal", "İmperator III Aleksandrın dövründə xidmətlərə görə", "Səylərə görə" medalları nümayiş etdirilir.
H.Z.Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqatlar davam etdirilir.