Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan dini problemlərdən tamamilə kənarda qalan bir ölkədir. Trend-in məlumatına görə, bunu Küveytin vəqflər və islam işləri nazirinin müavini Adel Abdullah Əl-Fəlah "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, dinlərarası əlaqələr bütün ölkələr arasında mehribançılığa çevrilməlidir. "Bu məsələdə təbii ki, ölkələrin sülh şəraitində yaşaması üzərimizə düşən birinci vəzifədir. Azərbaycan da bu cür proseslərdə hər zaman öncüllük edib. Buna sübut olaraq burada bir neçə böyük dini forumların keçirilməsini göstərmək olar", - Əl-Fəlah bildirib.
Küveyt nümayəndəsi bu forumlarda iştirak etdiyi müddətdə Azərbaycanın dini problemlərdən uzaq olduğunu müşahidə etdiyini deyib.
"Bu mehribanlığın əsası dünya şöhrətli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də onun təməlini qoyduğu yeni Azərbaycanın inkişafını İlham Əliyev davam etdirir. Xələfin sələfi görünür, daim öz xalqını düşünür, çünki dediyim kimi olmasaydı, bu gün Bakıda bu cür möhtəşəm tədbir baş tutmazdı", - Əl-Fəlah qeyd edib.