...

Bu il 600-ə yaxın uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb

Cəmiyyət Materials 20 Dekabr 2012 11:34 (UTC +04:00)
Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində bu il ölkə üzrə 589 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.
Bu il 600-ə yaxın uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İsabalayev/

Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində bu il ölkə üzrə 589 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov "Azərbaycan Respublikasında dövlət uşaq müəssislərindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində "2012-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən hesabat konfransında deyib.

Onun sözlərinə görə, bu il TN-in övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 10 uşaq övladlığa verilib. Son 3 il ərzində isə övladlığa verilən uşaqların sayı 34 nəfər olub.

Nazir deyib ki, 2012-ci ildə TN-ə edilmiş müraciətlərə əsasən, psixoloji konsultasiya və ailələrə müvafiq dəstək xidmətləri nəticəsində 27 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, 36 uşağa ünvanlı sosial yardım və müavinətlərin təyin edilməsinə kömək göstərilib. Böhran vəziyyətində olan və uşaqlarını dövlət müəssisələrinə yerləşdirmək üçün yerli icra orqanlarına müraciət etmiş və müsbət sərəncam almış 23 uşağın ailəsinə müxtəlif xidmətlər göstərməklə onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi ilə bağlı sərəncamlar ləğv edilib.

Mərdanov bildirib ki, bu il valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat evlərində və uşaq müəssisələrində yaşayan 123 uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamları ilə bu müəssisələrdən öz bioloji ailələrinə və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Onun sözlərinə görə, TN tərəfindən aparılan tədbirlər nəticəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalır. 2006-cı ildə belə uşaqların sayı 21 min nəfər olduğu halda, 2012-ci ildə bu say 8336 nəfərə qədər azalıb. Dövlət uşaq müəssisələrində gecələyən uşaqların sayı da getdikcə azalır. Belə uşaqların sayı 2008-ci ildə 4055, 2009-cu ildə 3945, 2010-cu ildə 3860, 2011-ci ildə 3750, 2012-ci ildə 3671 nəfərə qədər azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti