...

Azərbaycanda himayədar ailələrə əməkhaqqı veriləcək

Cəmiyyət Materials 18 Yanvar 2013 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin Deinstitutlaşdırma və Uşaq müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın Trend-ə müsahibəsi

- Rusiyada övladlığa uşaq götürən ailələr üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib. Azərbaycanda da övladlığa uşaq götürən ailələr üçün müəyyən güzəştlər tətbiq edilə bilərmi? Belə ailələr üçün hansı güzəştlərin tətbiqi daha səmərəli olar?

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.1 maddəsinə əsasən, övladlığa götürülənlər və onların övladlarının övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar. Yəni övladlığa götürülən uşaq doğma oğul və ya qıza bərabər hesab edilir. Bu səbəbdən də Azərbaycan qanunvericiliyində övladlığa uşaq götürən ailələr üçün güzəştlər tətbiq edilmir. Mövcud qanunvericiliyə görə, uşaq övladlığa götürmək istəyən şəxslərin yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd, Rayon və Şəhər İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasından mənzil şəraitinin müayinə aktı, bununla yanaşı, övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əməkhaqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənədlər (fərdi əməklə məşğul olanlar üçün verginin ödənilməsi haqqında arayış) tələb olunur. Nəticə etibarilə qanunvericilikdə normal mənzil şəraitinə və sabit gəliri olan ailələrə (və ya şəxslərə) övladlığa uşaq verilməsi nəzərdə tutulub.

Azərbaycanda himayədar ailələrə əməkhaqqı veriləcək

- Bir müddət əvvəl bizimlə söhbətdə təklif etmişdiniz ki, dövlət uşaq müəssisələrindən uşaq himayəyə götürəcək ailələri stimullaşdırmaq məqsədilə onlara maddi imkanı orta səviyyədə olan ailədə 1 uşağın saxlanılması üçün tələb olunan xərc qədər maliyyə vəsaiti verilsin. Bundan əlavə, uşağın himayədar valideyni işsiz olduğu təqdirdə ona həmin uşağa baxdığı üçün minimum əməkhaqqı məbləğində vəsaitin ödənilsin. Bu təkliflərin gerçəkləşəcəyi gözlənilirmi? Ümumiyyətlə, himayədar ailələri stimullaşdırmaq üçün hansı yeni işlərin görülməsi nəzərdə tutulur?

- Aparılmış maliyyə təhlilinə əsasən, himayədar ailəyə uşağın saxlanması üçün ayda 120 manat, qayğının göstərilməsi müqabilində isə 50 manat həcmində əməkhaqqı verilməsi ilə bağlı təklif irəli sürülüb. Bu məbləğin dövlət büdcəsindən ayrılmış vəsait hesabına maliyyələşməsi nəzərdə tutulub. Bu səbəbdən də alternativ xidmətlərin maliyyə və hüquqi əsaslarının təmin edilməsi məqsədilə 2012-ci ilin 29 oktyabr tarixində Təhsil Nazirliyində maliyyə nazirinin iştirakı ilə müzakirələr keçirilib. Müzakirələrin nəticəsi olaraq, sənəd layihəsi üzərində son düzəlişlər edilib və Nazirlər Kabinetinə göndərilib. Layihənin təsdiqi gözlənilir.

Sağlamlıq imkanları məhdud uşaqlara görə məktəb binalarının infrastrukturu dəyişdiriləcək

-Sağlamlıq imkanları məhdud uşaqların orta məktəblərə maneəsiz daxil olması üçün məktəblərin infrastrukturunun dəyişdirilməsi nəzərdə tutulur. Bunun üçün də Təhsil Nazirliyinin əsas tərəfdaşı olan YUNİSEF-lə birgə 100 məktəb müəyyən olunub. Həmin məktəblərdə bu işə başlanılıbmı? Bu işin təşkili ilə bağlı gələcək planlar nədən ibarətdir?

- Bu məsələlər "2013-2020-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilinin inkişafına dair Dövlət Proqramı"nda öz əksini tapıb. Dövlət Proqramı aidiyyəti qurumların rəy və təklifləri nəzərə alınaraq, müvafiq düzəlişlər edilərək baxılması və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Proqramın təsdiq olunması ilə bu məsələlər öz həllini tapacaq.

- Azərbaycanda dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınması üçün risk qrupundan olan uşaqlar və onların ailələri ilə preventiv tədbirlərin aparılması nəzərdə tutulub. Bu məqsədlə "Uşaq və ailələrlə sosial işin təşkili və aparılması qaydaları" hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bu işlərin görülməsi istiqamətində hər hansı yeniliklər var?

- Bu sənəd hələ təsdiq edilməsə də, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində uşaqların ailələrə verilməsi sənəddə göstərilən mexanizm əsasında həyata keçirilir.

Müəssisələrdəki kimsəsiz uşaqların hamısı ailə mühitində yaşaya bilər

- Təhsil Nazirliyi hökumətə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, atılmış, imtina olunmuş və öz bioloji ailəsinə qaytarılması, həmçinin övladlığa, qəyyumluğa və himayədar (foster) ailəyə verilməsi mümkün olmayan uşaqlar üçün ailə tipli kiçik qrup evlərinin yaradılmasını təklif edib. Bunun üçün pilot olaraq, Xəzər rayonunda ailə tipli kiçik qrup evi də inşa edilib. Belə qrup evlərinin sayının artırılması nəzərdə tutulurmu?

- Hazırda iki beynəlxalq təşkilatla ölkənin digər rayonlarında kiçik qrup evlərinin yaradılması ilə bağlı gələcək layihələr barədə müzakirələr aparılır.

- Azərbaycanda belə uşaqların sayı nə qədərdir? Belə uşaqların qayğısına qalmaq məqsədilə başqa yeni layihələrin icrası planlaşdırılırmı?

- Təhsil Nazirliyinin məlumat bazasında olan göstəricilərə əsasən, hazırda Dövlət Proqramının əhatəsində olan dövlət uşaq müəssisələrində 8336 nəfər uşaq təlim-tərbiyə alır. Onlardan 3671 nəfəri müəssisədə gecələyən uşaqlardır, qalan 4665 uşaq müəssisənin yalnız təhsil və günərzi xidmətlərindən istifadə edir, gecəni isə ailəsi ilə birgə keçirir. Müəssisələrdə gecələyən 3671 nəfər uşaqdan 1450 nəfəri hər şənbə-bazar, 1712 nəfəri tətil və bayram günləri evə gedir, qalan 509 nəfər isə daimi müəssisədə gecələyən uşaqlardır. Müəssisədə daimi yaşayan 509 nəfər uşaqdan 217 nəfəri əlilliyi olan uşaqlardır. 509 uşağın himayədar ailədə və ya kiçik qrup evlərində yerləşdirilməsi yolu ilə ailə mühitində yaşamasının təmin edilməsi mümkündür. Biz də fəaliyyətimizi bu istiqamətdə qururuq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti