...

Mərkəzi Bankda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb

Cəmiyyət Materials 18 Yanvar 2013 17:48 (UTC +04:00)
Mərkəzi Bankın kollektivi 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğullarının və qızlarının əziz xatirəsinin 23-cü ildönümü münasibəti ilə keçirdiyi toplantıda şəhidlərin xatirəsini ehtiramla yad etdi.
Mərkəzi Bankda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Mərkəzi Bankın kollektivi 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğullarının və qızlarının əziz xatirəsinin 23-cü ildönümü münasibəti ilə keçirdiyi toplantıda şəhidlərin xatirəsini ehtiramla yad etdi.

Toplantı iştirakçıları 1990-cı ilin 20 Yanvar hadisələrini Azərbaycan xalqının faciəsi kimi deyil, həm də tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsi kimi qiymətləndirdilər. Tədbirdə XX əsr tarixində totalitarizmin ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycana qarşı işlədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməl olduğu vurğulandı.

Tarixmizin qanlı səhifəsinə nəzər salınaraq qeyd edildi ki, həmin gün xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə xüsusilə vurğulandı ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. Ümummilli lider Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirdi.

Bu siyasət Heydər Əliyevin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın artan siyasi, iqtisadi və hərbi gücü nəticəsində ölkəmiz dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri kimi tanınır.

Tədbirin sonunda isə bu faciə nəticəsində xalqımızın qəhrəmanlıq salnaməsinə yazılmış qanlı tarixin heç zaman unudulmayacağı bir daha vurğulandı və Mərkəzi Bank əməkdaşlarına 20 yanvar faciəsinə həsr edilmiş film nümayiş etdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti