...

Polkovnik-leytenant: Bu, siyasi bəyanat deyil

Cəmiyyət Materials 30 Yanvar 2013 16:07 (UTC +04:00)
Polkovnik-leytenant Nağı Eyvazov minlərlə hərbçinin imzaladığı bəyanatın siyasi xarakter daşımadığını bildirib.
Polkovnik-leytenant: Bu, siyasi bəyanat deyil

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Polkovnik-leytenant Nağı Eyvazov minlərlə hərbçinin imzaladığı bəyanatın siyasi xarakter daşımadığını bildirib.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbçilərin bəyanatına imza atanlardan biri olan polkovnik-leytenant Nağı Eyvazov bəzi qüvvələrin bu bəyanata siyasi don geydirmələrinə təəssüf etdiyini deyib.

"Çox təəssüf ki, narazılığı özünə ənənəyə çevirən bəziləri mənim də imza atdığım bəyanata siyasi rəng verməyə cəhd edirlər. Bu, çox təəccüb doğurur. Birincisi, həmin bəyanatda bir kəlmə də olsun ictimai-siyasi prosesləri özündə ehtiva edən sözə və fikrə rast gəlmək mümkün deyil. Biz həmin bəyanatı hazırlayarkən qarşımıza tamamilə başqa bir məqsədi - hərbi qulluqçuların sosial məsələlərinə "qayğı" göstərmək istəyənlərin köməyinə ehtiyacımız olmadığını vurğulamışıq. Əgər doğrudan da hər hansı siyasi prosesə münasibət bildirmiş olsaydıq, bizi tənqid edənlərin haqlı olduğunu haradasa etiraf edərdik. Ancaq ümumiyyətlə, belə fikrimiz və niyyətimiz olmayıb. Çünki hansı vəzifə daşıdığımızı və hərbçilərə nəyin qadağa, nəyin icazəli olduğunu özümüz çox yaxşı bilir və dərk edirik", - Eyvazov qeyd edib.

Onun sözlərinə görə, sosial məsələlərlə bağlı qayğı və diqqəti Ali Baş Komandandan gözləmələri barədə səsləndirilən fikirlərə qəsdən siyasi don geyindirməyə çalışırlar. O, Ali Baş Komandana son illər hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılmasında müstəsna köməyi və qayğısına görə öz adından və yoldaşları adından dərin minnətdarlığını bildirib. "Biz hər zaman Ali Baş Komandanımızı öz yanımızda hiss edir, onun məsləhət və tövsiyələrini, əmr və göstərişlərini yerinə yetirməyi özümüz üçün böyük şərəf hesab edirik", - hərbçi vurğulayıb.

Polkovnik-leytenant qeyd edib ki, Prezident İlham Əliyevin orduya hərtərəfli diqqəti və köməyi sayəsində Azərbaycan Silahlı Qüvvələri mühüm nailiyyətlər əldə edib. Hərbçilərin sosial problemlərinin həlli məsələsi bu strateji xəttin əsas tərkib hissəsi olaraq həmişə diqqət mərkəzində olub və bu gün də belədir.

"Bəyanata imza atan hərbi qulluqçular məhz bunu əsas götürüblər. Ona görə də qəsdən mətni siyasiləşdirməyə cəhd edənlərə bildiririk ki, onların çıxardıqları yanlış nəticələr heç vaxt xalq tərəfindən özünə dəstək tapa bilməz", - Eyvazov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti