...

Hicran Hüseynova: Azərbaycanda ailə-məişət zorakılığı halları artmır

Cəmiyyət Materials 18 Fevral 2013 12:59 (UTC +04:00)
Son dövrlər Azərbaycanda məişət zorakılığı hallarının sayı artmır. Bunun səbəbi isə əhalinin özünün daha çox bu problemlərlə bağlı məsələləri araşdırması və buna adekvat reaksiya verməsi ilə bağlıdır.
Hicran Hüseynova: Azərbaycanda ailə-məişət zorakılığı halları artmır

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İzzət/

Son dövrlər Azərbaycanda məişət zorakılığı hallarının sayı artmır. Bunun səbəbi isə əhalinin özünün daha çox bu problemlərlə bağlı məsələləri araşdırması və buna adekvat reaksiya verməsi ilə bağlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

"Azərbaycanda ailə-məişət zorakılığı halları artmır. Sadəcə, əvvəllər belə hallar qapalı şəkildə ailədə qalırdı və çox zaman üzə çıxarılmırdı. Amma indi belə imkanlar yaranıb ki, müraciət edən hər bir vətəndaşa vaxtında, daim və tez bir zamanda köməklik edilir. Profilaktik işlər görərək onların qarşısını vaxtında almaq olur", - Hüseynova qeyd edib.

Onun sözlərinə görə, son zamanlar məişət zorakılığına əsas yaradan erkən nikahların qarşısının alınması da bu halların sayının azalmasına şərait yaradıb. Artıq dövlət tərəfindən erkən nikahların qarşısı alınır və ailələrə dəstək verilir ki, onlar öz talelərini istədikləri kimi qura bilsinlər.

Komitə sədri qeyd edib ki, ailələrdə məişət zorakılığının qarşısının əvvəlcədən alınması baxımından işlər görülsə, belə hallara rast gəlmərik.

Hüseynova bildirib ki, komitənin hazırda regionlarda ailə-dəstək mərkəzləri var. Onların fəaliyyətinin əsas istiqamətlərindən biri ailələrlə işləmək və risk qruplarla profilaktik işlər görüb zorakılıq hallarının qarşısını almaqdır. Biz müsbət təcrübə toplayırıq. Artıq bu istiqamətdə komitədə çox böyük təcrübə var.

Komitə sədri bu məsələnin ölkə rəhbərliyinin də diqqətində olduğunu və vaxtilə Heydər Əliyev Fondu ilə "21-ci əsrdə qadınlara qarşı zorakılığa yox deyək" layihəsi çərçivəsində rayonlarda könüllü müəssisələr yaradıldığını xatırladıb. Onun sözlərinə görə, həmin müəssisələrdə qadın və uşaqlara dəstək olmaq üçün biznes mərkəzləri də fəaliyyət göstərir.

"Biz çalışırıq ki, belə mərkəzlərin sayı daha çox olsun. Dövlət səviyyəsində bunlara nəzarət var. Bir çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində formalaşacaq. Bir tərəfdən dövlət diqqəti, bir tərəfdən qeyri-hökumət təşkilatlarının köməyi, digər tərəfdən də beynəlxalq təşkilatların təcrübəsi ilə bu problemlərin həlli üçün güclü imkanlar yaranır", - Hüseynova vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti